Son yeniləmə: 22 Noyabr 2021 18:13
Bayraqdar.info – Əslində bu məsələnin üzərindən keçməyə qərar vermişdim. Mixeil Saakaşvilinin məsələsini deyirəm. Bir vaxtlar ABŞ-ın layihəsi olaraq Gürcüstanda prezident seçilən, sonra da müxtəlif macəralarla həm Gürcüstanda, həm də Ukraynada diqqət çəkən bu siyasi lideri, əslində ABŞ da qorumalı idi. Amma görünən odur ki, elə də ciddi bir qoruma yoxdur.
Mövzuya qayıtmağıma gəlincə, bu gün həmkarım Xəyal Tağıyevin öz Facebook hesabında yazdığı bir status məni həvəsləndirdi: “Bütün dünyanın gözü qarşısında “demokratik” Gürcüstan hökuməti Saakaşvilini çürüdüb-çərlədir. ABŞ və Avropanın kəramət, ədalət və dəyanətinə inananlar, bəs nə oldu?”
Bu cümlələr bir neçə gün öncə ABŞ Dövlət Departamentindən bayraqdar.info-ya daxil olmuş bir xəbəri yadımıza saldı. Xəbər M.Saakaşvili ilə bağlı idi. Daha doğrusu, Dövlət Departamentinin sözçüsü Ned Praysın onun durumuyla bağlı açıqlaması idi.
ABŞ Dövlət Departamentinin açıqlaması
Açıqlama qısa olduğu üçün tərcüməsini tam şəkildə təqdim edirik: “Biz oktyabrın 1-də həbs edilməsindən bəri keçmiş Prezident Mixeil Saakaşvilinin müalicəsini yaxından izləyirik. Biz Gürcüstan ictimai müdafiəçisinin (Ombudsman – red.) cənab Saakaşvilinin sağlamlığını dəyərləndirmək üçün müstəqil tibb qrupu təşkil etməsini və həbsxana xəstəxanasındakı tibbi avadanlıqların durumunu nəzərdən keçirmək istiqamətindəki yüksək fəaliyyətini dəyərləndiririk. Biz Gürcüstan hökumətini cənab Saakaşvilini ədalətli və ləyaqətli bir şəkildə müalicə etməyə, eyni zamanda uyğun müalicə ilə bağlı ictimai müdafiəçinin tövsiyələrini nəzərə almağa çağırırıq. Biz həm də qətiyyətli şəkildə Gürcüstan hökumətini cənab Saakaşvilinin icraatda olan cinayət araşdırmasıyla bağlı məhkəmə dinləmələrində beynəlxalq qanunlara uyğun olaraq iştirakını təmin etməyə çağırırıq. Cənab Saakaşvilinin ədalətli mühakimə olunmaq hüququ var və bura istədiyi təqdirdə məhkəmə dinləmələrində şəxsən iştirak etmək imkanı da daxildir”.
Şəxsən mənə görə əcaib və təəssüf doğurucu açıqlamadır. Azərbaycanda ən adi bir siyasi fəal saxlanılanda “dərhal azadlığa buraxılmasını” tələb edən ABŞ bu boyda keçmiş prezidentin nəinki azadlığa buraxılmalı olduğuna işarə eləmir, üstəlik onun mühakimə edilməsini uyğun görür. Nə baş verir? Yaxud da niyə belə olur? Məgər M.Saakaşvili ABŞ-ın öz layihəsi deyildi? Bəs Gürcüstan hökumətinin onu həbsxanada faktiki olaraq ölümün öhdəsinə buraxması necə, o da diqqət çəkmir?
Gürcüstanı Rusiyanın qarşısında tək buraxdılar
Hələ onu da xatırladaq ki, ABŞ öz layihəsi olan bu siyasi lideri 2008-ci ildə qızışdırıb Rusiya ilə savaşa məcbur etmişdi. Həvəsləndirmişdilər onu. Söz vermişdilər ki, o boyda NATO olan yerdə Rusiya Gürcüstanın üzərinə gəlməyə cürət etməyəcək. Amma nə baş vermişdi? Hər kəsin yadındadır: işğalçı Rusiyanın tankları Tiflisin burnunun ucuna çatanda M.Saakaşvili yumşalmalı olmuşdu. Nə NATO, nə də elə ABŞ-ın özü o savaşda Gürcüstanın yanında gözə dəyməmişdi. Düzdür, bəyanat filan vermişdilər. Amma hər kəs bilir ki, bəyanatla donuz darıdan, Rusiya da işğal etdiyi ölkədən çıxmır…
İndi də ABŞ M.Saakaşvilinin məhkəmə dinləmələrində iştirakına imkan yaradılmasına çağırır. Halbuki Gürcüstanda küçələrə çıxıb M.Saakaşvilinin azadlığını tələb edən 10 minlərlə vətəndaşın gözləntisi başqadır. Onlar ABŞ-dan öz liderlərinin azadlığa çıxmasına vasitəçi olmağı gözləyirlər…
Dediyimiz kimi, ABŞ Azərbaycanda heç kimin tanımadığı adi bir şəxsin belə işinin araşdırılmasını gözləmədən azad edilməsi tələbini irəli sürdüyü halda bu boyda siyasi liderin – keçmiş prezidentin mühakimə olunmasında yalnız ədalət tələb edir. Yəni, “həbs edilməsinə qarışmırıq, sadəcə elə edin ki, məhkəmə hökmü suallar doğurmasın”…
Sonda mən də X.Tağıyevin yuxarıda təqdim etdiyim sualını öz adıma təkrarlamaqla yazımı bitirirəm: ABŞ və Avropanın kəramət, ədalət və dəyanətinə inananlar, bəs nə oldu?
Sözardı: Bəzən Azərbaycanda bəzi qüvvələr, siyasi fəallar emosionallıqla Azərbaycan hakimiyyətini radikal davranmağa səsləyirlər. Deyirlər ki, Qərbə arxalanaraq bəzi məsələləri daha tez həll edə bilərik. Biz onlara illərdir izah edirik ki, Azərbaycan dövləti yerləşdiyi coğrafiya və içində olduğu siyasi duruma görə emosional davrana bilməz. Ən yaxşısını Prezident İlham Əliyev edir: hər işə təmkinlə yanaşır. Onun nəticəsidir ki, bu gün Şuşada bayrağımız dalğalanır, Ermənistan və İranla dövlət sərhədimiz tam olaraq öz nəzarətimizdədir. Qərbə arxalanıb emosional davrananların vəziyyəti isə ya Ukrayna, ya da Gürcüstan kimi olur…