Bayraqdar.info – Dünya Uyğur Qurultayı (DUQ) noyabrın 14-də Çexiyanın paytaxtı Praqada özünün 7-ci Ümumi Toplantısını keçirib. Bu haqda verdiyimiz xəbərdə fəaliyyətdə olan başqan Dolkun İsanın yenidən bu qlobal uyğur təşkilatının rəhbəri seçildiyini yazmışdıq.
Bugünlərdə D.İsa ilə əlaqə saxlayaraq ondan bayraqdar.info-nun suallarını cavablandırmasını xahiş etdik. Türk dünyasına, özəlliklə də əzilən türklərə xüsusi həssaslıqla yanaşan bir media qurumu olaraq hər zaman uyğur qardaşlarımızın haqlarını gün üzündə tutmağa çalışırıq. O üzdən DUQ başqanının suallarımıza verəcəyi cavablar da çox önəmlidir.
Praqa toplantısı sonrası Kanadaya yollanan D.İsa vaxt qıtlığı üzündən təmsilçisi, Dos. Dr. Erkin Emet vasitəsilə suallarımızı səsli olaraq cavablandırdı.
-Sayın İsa, bir neçə gün öncə siz yenidən DUQ başqanı seçildiniz. Azərbaycan oxucuları üçün kısaca DUQ haqqında bilgi verərdinizmi lütfən.
-Doğu Türküstan məsələsi uzun illərdir davam edən, Türk dünyasının bir qanayan yarasıdır. Sovetlər Birliyinin parçalanması ilə bərabər Doğu Türküstan məsələsi də beynəlxalq müstəvidə daha çox bilinməyə başladı. Biz də səsimizi daha geniş çatdıra bilmək üçün 2004-cü ildə Almaniyanın Münxen şəhərində DUQ-u qurduq. Qurultay dünyanın 24 ölkəsində fəaliyyət göstərən Doğu Türküstan vətəndaş cəmiyyəti qurumlarının bir üst qurumudur. Yəni bütün dünyada Doğu Türküstanlıların ən üst qurumu olaraq bu özəllikdə tək təşkilatdır. Bu məqsədlə təşkilatlanmışıq və artıq Amerika, Avropa ölkələri, BMT, türk dünyasında Doğu Türküstanı təmsil edən tək qurum olduğumuzu deyə bilərik.
-Çinin uyğur qardaşlarımıza tətbiq etdiyi insanlıq dışı zülm ərşə dirənib. 21-ci yüzildə bir dövlətin öz vətəndaşlarına belə acımasızca yanaşmasının qaynağı nə ola bilər?
-Bəli, yaxşı bir sualdır bu. Günümüzdə Doğu Türküstanda soyqırım gerçəkləşdirilir. Bu günə qədər ABŞ, Hollandiya, Kanada, Çexiya, Belçika kimi 9-dək ölkə Doğu Türküstanda baş verənləri soyqırım olaraq tanıyır. Onların parlamentləri uyğun qərarlar qəbul ediblər. İndi Çinin uyğurlara soyqırım tətbiq etməsinin çox səbəbləri var. Ən önəmli səbəb budur: Doğu Türküstan Çinin Qərbə – türk coğrafiyasına və ümumiyyətlə dünyaya açılan tək qapısıdır. Güneydə Çin dənizi, Quzeydə Sibir, Şərqdə də Yapon dənizi var. Quru yolla dünyaya açılan tək qapı Doğu Türküstandır. 2013-cü ildə Çinin prezidenti Şi Cin Pin Qazaxıstanın paytaxtı Astanada (indiki Nur-Sultan – red.) “Bir kəmər – bir yol”u, bizim “Yeni ipək yolu” dediyimiz təşəbbüsü elan etdi. Yəni bu yolu gerçəkləşdirmə istəyini. Bu, 66 ölkəni əlaqələndirən nəhəng bir layihə – Çinin dünya hegemonluğu qurma cəhdidir. Layihənin Quzeydən – Tatarıstan, oradan da Moskva üzərindən Qərbə gedən yolu Doğu Türküstandan keçir. “Orta kəmər” dediyimiz, yəni Doğu Türküstandan başlayaraq Qazaxıstan, Qırğızıstan – Orta Asiya və İran üzərindən Türkiyə, oradan da Qərbə keçən bu yol bütün türk dövlətlərini əhatə edir. Bir də Güneydən – Qaşqar üzərindən Pakistanı keçməklə dünya okeanına çıxan üçüncü kəmər var. Bu üç kəmərin hamısı Doğu Türküstandan keçir. O baxımdan Doğu Türküstanın sabitliyi Çin üçün çox önəmlidir. Yəni “Bir kəmər – bir yol” 2013-də elan edildi, ardından da 2017-ci ildə bu “toplama düşərgələri” məsələsi başladı. Doğu Türküstanın ikinci bir strateji önəmi də var. Günümüzdə Çin yüksələn bir gücdür. Dünyanın 2-ci iqtisadiyyatına sahibdir. Yüksəlmək üçün enerjiyə ehtiyacı var. Hazırda Çinin neft ehtiyatlarının 33 faizi, kömürün 40 faizi, dünyadakı pambığın 18 faizi bu bölgədən keçir. Bir də 148 faydalı qazıntıdan 118-i Doğu Türküstandandadır. Yəni bura yeraltı zənginlik baxımından da çox önəmlidir. Üçüncü bir önəmli məsələ isə Qazaxıstandan Çinə gedən neft boru kəməridir. Bu da Doğu Türküstandan keçir. Türkmənistan-Çin qaz kəməri də Doğu Türküstandan keçir. Bu baxımdan Doğu Türküstan çox önəmli strateji coğrafiyaya malikdir. Yəni Çin buranı əlində tuta bilmək üçün türk soylulara belə münasibət bəsləyir. Doğu Türküstanda əhali əsasən uyğurlar olmaqla qazaxlar, qırğızlar, özbəklər, tatarlar kimi tük və müsəlmanlardan ibarətdir. Çin dövləti bu müsəlman və türk soyluları daha sürətlə çinliləşdirmək üçün dilini, dinini yox edərək özlərinə bənzər – yəni assimilyasiya olunmuş kütlə yaratmaq istəyir. Bütün bunlara nail olmaq üçün 21-ci yüzildə öz vətəndaşlarına bu qədər dəhşətli münasibət yaşatma siyasətinin ana səbəbi budur. Haqqında danışa biləcəyimiz başqa səbəblər də var. Amma ən önəmlisi budur. Dolayısıyla Çin 2003-cü ildə türk dilində təhsili tam olaraq yasaqladı, 2008-ci ildə islam inancını yasaqladı və çinliləşdirmə siyasəti tətbiq etməyə başladı. Nasist düşərgələrinə bənzər düşərgələr isə 2017-ci ildən fəaliyyət göstərir. Çin öz vətəndaşlarına vəhşi bir siyasət tətbiq etməkdədir.
-12 noyabrda İstanbulda Türk Dövlətləri Təşkilatı quruldu. Yalnız müstəqil dövlətlərindən ibarət olan bu Təşkilat gələcəkdə digər türk toplumları ilə iş birliyini də hədəfləməkdədir. Yaxşı, uyğur türkləri olaraq bu Təşkilatdan gözləntiniz nədir?
-Gözəl bir sual oldu. Bildiyiniz kimi, Sovetlər Birliyi parçalanıb 5 türk respublikası müstəqil olduqdan sonra Doğu Türküstanlılar – uyğur türkləri çox sevinmişdi. Onlarda ümid yaranmışdı ki, qardaşlarımız müstəqil olub, bizim də müstəqil olacağımıza dəstək verəcəklər. Yəni çox ümidlənmişdilər. Sonra bu müstəqil dövlətlər 2009-cu ilə kimi Türkdilli Dövlətlərin Zirvəsi adı altında dəfələrlə bir araya gəldilər. Amma bu Zirvələrdə heç vaxt Doğu Türküstan məsələsi gündəliyə salınmadı. Bildiyimiz qədəri ilə mərhum Əbülfəz Elçibəy Prezident olduğu dönəmdə Azərbaycanda Doğu Türküstan, Güney Azərbaycan türklərini qeyd edirdi. Ondan sonra bu məsələ bu Zirvələrdə gündəliyə salınmadı. 2009-cu ildə Naxçıvanda bu türk dövlətləri bir anlaşmayla Türk Keneşini qurdu. Həmin ildə Doğu Türküstanda Urumçi qətliamı olmuşdu. Sonrakı mərhələdə də Çin Doğu Türküstanda qorxunc bir mərhələ başlatdı: həbslər, işgəncə, qısırlaşdırma. Yəni insanlıq dışı siyasət o tarixdən etibarən davam etdi. Bu Keneşin bir Zirvə toplantısı da Doğu Türküstanla sərhəd olan Qırğızıstanda – Bişkekdə keçirildi. Bizim ordan bir gözləntimiz vardı. Çində uyğurlara tətbiq edilən soyqırımla bağlı heç olmasa bir açıqlama gözləyirdik. Yəni səssizliyin pozulmasını istəyirdik. Çindən soruşula bilərdi ki, türk soylulara qarşı niyə soyqırım gerçəkləşdirilir? Amma bu, edilmədi. Bizim hazırda gözləntimiz budur: yəni bu günün Doğu Türküstanlıları miladdan öncəyə – lap əski tarixlərə dayanan bir türk toplumudur. 716-cı ildə Orxon abidələrində ilk dəfə uyğurların adı keçir. Uyğurlar bir türk toplumudur. Daha sonrakı bütün tərcümələrdə – əski uyğurcaya buddist, mani mətnləri çevrilərkən deyilir ki, toharcadan uyğur türkcəsinə çevrilmişdir. Yəni uyğur türk kəlməsindən ilk istifadə edən türk toplumu uyğurlardır. Ümumilikdə bütün türk soylular – Qazaxıstan, Qırğızıstan, Özbəkistan, Türkmənistan, Azərbaycan, Türkiyə və KKTC – yeddi müstəqil türk dövləti tarixini – keçmişini araşdırmaq üçün mütləq uyğurca mətnlərə müraciət etməlidir. Demək istədiyim budur ki, uyğurlar – uyğur türkcəsi bütün türk ləhcələrinin bir ana dili mahiyyətindədir. Böyük türkoloqlardan Rəşid Rəhməti Arat da daxil olmaqla bir çox alimlər bunu deyir, yazılarında qeyd edir. Bir də “Divani lüğətüt-türk”ün yazarı Mahmud Qaşqarlının türbəsi Qaşqar şəhərindədir. “Kutadqu bilik”in yazarı Yusif Has Hacibin də türbəsi Qaşqardadır. Əlavə olaraq türklərdə islamı dövlət dini olaraq qəbul edən Sultan Saltuk Buğra Xanın da türbəsi Doğu Türküstandadır. Bunların hamısı bizim – bütün türk dünyasının ortaq dəyərləridir. Bu gün Mahmud Qaşqarlının heykəli sökülüb, ordakı islam öncəsi və sonrasına aid bütün tarixi əsərlər yox edilir. Dolayısıyla Türk Dövlətləri Təşkilatı adı çox gözəldir. Belə bir ada görə biz gerçəkdən sevinirik. Fəqət bu Təşkilatın türklərin keçmişinə aid 25 milyona yaxın əhalisi olan bir bölgə – Doğu Türküstanla bağlı bir şey deməməsi qəbul ediləcək bir hal deyil. Bununla maraqlanmamağa bu dövlətlərin – bu Təşkilatın bu gün ən böyük çatışmazlığı olaraq baxıram. Çünki bu gün heç bir tarixi, dini, yəni heç bir dəxli olmayan Qərb dünyası insanlıq, əxlaq baxımından Doğu Türküstan məsələsilə maraqlanır. O baxımdan bu ortaq türk Təşkilatının da məsələylə bağlı bir siyasət formalaşdırmasını, səssizliyi pozmasını istərdim.
-Son olaraq, dünya türklərinin uyğur qardaşlarımız üçün nələr etməsini istərdiniz?
-Bu gün Doğu Türküstanda bir soyqırım var. Bunu yalnız biz deyil, dünya deyir. Dünya dövlətləri deyir ki, orada 21-ci yüzildə soyqırım gerçəkləşdirilir. Deyirlər ki, bu soyqırım dayandırılmalıdır. Dolayısıyla, bizim dünya türkləri – vətəndaş cəmiyyəti, qurumlar, ziyalılar, tələbələr, bir fərd olaraq Azərbaycan, Qazaxıstan, Türkmənistan, Qırğızıstan, Özbəkistan, Türkiyə, KKTC vətəndaşlarının edə biləcəyi bu: Soyqırım gerçəkləri barədə ictimai rəy formalaşdırdığımız, bunu dünyaya çatdırdığımız zaman qlobal ictimai rəy formalaşacaq, demokratik ölkələrdə hökumətlər də bununla bağlı bir iş görməyə məcbur olacaq. Yəni bu ölkələrdəki insanların Doğu Türküstanda uyğur, qazax, qırğız, özbək, tatar türklərinin məruz qaldığı insanlıq dışı yöntəmləri öz dövlətlərinə anlatmalarını istəyirik. Günümüzdə sosial media çox inkişaf edib və tanıtma işi asanlaşıb. Biz xalqların bilgilənməsini istəyirik. Səsimizin çatdırılmasını, bizə dəstək verilməsini istəyirik. Bu davaya dəstək vermək istəyən insanların müraciət edə biləcəyi çox ünvanlar var. Örnək üçün, DUQ – yəni bizimlə əlaqə qurmaq olar. Orta Asiya türk dövlətlərində vətəndaş cəmiyyəti qurumlarımız var. Onlarla əlaqə qurmaq olar. Türkiyədə də VC qurumlarımız var. Necə yardımçı olmağın yollarını onlar ayrıntılı şəkildə izah edə bilər. Biz uyğurlar bu xalqlarla eyni atadan törəmiş insanlarıq. Yəni bu qardaşlarınıza sahib çıxın. Doğu Türküstan torpağı işğal edilmiş torpaqdır. Ümidliyik ki, bir gün biz də müstəqillik qazanıb bu Türk Dövlətləri Təşkilatına digər türk dövlətləri kimi üzv ola biləcəyik. Bizim üçün dua edin. Bizi düşünün, bizə yardım edin. Bu, yalnız Doğu Türküstanın deyil, bütün türk soyluların davasıdır. Dəstəyinizi gözləyirik, təşəkkür edirik.
-Biz də sizə təşəkkür edir və ən tez vaxtda Doğu Türküstanın azadlığına qovuşmasını diləyirik.
[…] Yalnız Doğu Türküstanın deyil, bütün türk soyluların davası […]