Bayraqdar.info – ABŞ dövlət katibi Entoni Blinken noyabrın 18-də İranla bağlı açıqlamayla çıxış edib. Açıqlamada İran dövlətinin dəstəklədiyi şəxslərin/qrupların ABŞ-da 2020-ci ildə keçirilmiş prezident seçkisinə şübhə yaratmaq üçün qara təbliğat apardığına diqqət çəkilir. Açıqlamada deyilir ki, bu şəxslər internet saytları və sosial media üzərindən saxta informasiya yayaraq Amerikalıların seçkilərə inamını sarsıtmaq üçün gizli və aldadıcı fəaliyyətlərlə məşğul olublar.
Bu haqda xəbəri bayraqdar.info-ya ABŞ Dövlət Departamentindən veriblər.
Deyilənləri nəzərə alaraq ABŞ dövləti 6 İranlı şəxsi və 1 İran qurumunu 2020-ci il prezident seçkisinə təsir etmək cəhdlərinə görə müəyyən edib. Bu addımı atmaqla ABŞ dövləti göstərir ki, ölkədəki seçki prosesinə ictimai inamı gözdən salmaq istəyən dövlət dəstəkli fəalları məsuliyyətə cəlb edəcəklər.
Xəbərdə deyilir ki, sözügedən şəxslərin müəyyənləşdirilməsi üçün ABŞ Xəzinədarlıq və Dövlət departamentləri, həmçinin Federal Təhqiqat Bürosu (FBI) birlikdə çalışıb. ABŞ dövləti seçkilərə etimada qarşı fəaliyyət göstərənlərlə bağlı qəti və önləyici tədbirlər görüb. Bu işdə FBI-ın 2020-ci il seçkisi öncəsi qeyd olunan cəhdlər haqqında xəbərdarlığı da öz rolunu oynayıb.
Əlavə edək ki, E.Blinkenin açıqlamasında ABŞ-ın diqqət mərkəzində olan İranlı şəxslərin və qurumun adı qeyd edilməyib.