Press "Enter" to skip to content

29 yaşlı YAP yeni hədəflərə doğru

Nadir Azəri

Bayraqdar.info – Noyabrın 21-də Yeni Azərbaycan Partiyasının (YAP) yaradılmasından 29 il ötür. Düz 29 il əvvəl, 1992-ci il noyabrın 21-də təsis edilən YAP tarixə müstəqil Azərbaycan dövlətinin qurulmasında, ölkəmizin sabitliyi və inkişafı istiqamətində böyük uğurlara imza atan, xalqın etimadını qazanan qələbələr partiyası kimi düşüb.

Azərbaycançılıq ideyasının möhkəm təməli üzərində yaranan, ötən 29 il ərzində ümummilli lider Heydər Əliyev ideyalarının daşıyıcısı kimi ön sırada gedən partiya bu gün Prezident İlham Əliyevin rəhbərliyi ilə ölkədə həyata keçirilən işlərdə də yaxından iştirak edir.

Qısa müddət ərzində əldə edilən böyük uğur

Öncə onu qeyd edək ki, YAP Azərbaycan üçün olduqca çətin və təhlükəli bir dövrdə siyasi səhnəyə qədəm qoydu. Bəlli olduğu kimi həmin vaxt həyata keçirilən yanlış siyasət, ölkədə mövcud olan ictimai-siyasi böhran və iqtisadi tənəzzül, separatizm meyillərinin güclənməsi, torpaqlarımızın bir-birinin ardınca Ermənistan tərəfindən işğalı Azərbaycanın yenidən öz müstəqilliyini itirmək təhlükəsi ilə baş-başa qoymuşdu.

Məhz belə bir vaxtda xalqın yeganə ümid yeri Naxçıvan, daha dəqiq desək orada müstəqil dövlətin gələcək möhkəm təməllərinin atılmasına rəhbərlik edən ümummilli lider Heydər Əliyev idi. Xalq inanırdı və ümid edirdi ki, yenicə müstəqillik əldə etmiş ölkəni üzləşdiyi böhranlardan yalnız dahi şəxsiyyət xilas edə bilər.

Beləliklə, xalqın bu istəyindən güc alan 91 ziyalı 1992-ci ilin oktyabrında Heydər Əliyevə müraciət edərək YAP-ın yaradılmasını təklif etdi. Ümummilli lider Heydər Əliyev isə ziyalılara göndərdiyi 1992-ci il 24 oktyabr tarixli cavab məktubunda YAP-ın yaradılmasına və ona rəhbərlik etməyə razılıq verdi. 1992-ci il noyabrın 21-də ulu öndər Heydər Əliyevin sədrliyi ilə keçirilən təsis konfransı ilə YAP ölkənin siyasi sisteminə qədəm qoydu.

Ulu öndərin sədrliyi ilə qısa zaman ərzində təşkilatlanan partiya eyni zamanda, Heydər Əliyevin ölkənin böhrandan xilası və gələcək inkişafı naminə atdığı bütün tarixi addımların yerlərdə təbliği istiqamətində ön sırada getdi. Özü də partiya təkcə təbliğatla öz işini bitmiş hesab etmədi, eyni zamanda Heydər Əliyevin xilaskarlıq və quruculuq missiyasına əsaslanan işlərin icrasında da üzərinə düşün vəzifələrin öhdəsindən layiqincə gəldi. Heydər Əliyevin 1993-cü il oktyabrın 3-də xalqımızın böyük dəstəyini qazanaraq Prezident seçilməsi ilə hakim partiya kimi ilk uğurunu əldə edən YAP bundan sonra ölkədə keçirilən bütün seçkilərdə xalqın etimadını qazanaraq qələbələr partiyası kimi tarixə düşdü.

Prezident İlham Əliyevin YAP-ın VII qurultayındakı çıxışında bəyan etdiyi kimi “Faktiki olaraq 1992-ci ilin noyabr ayı gənc ölkəmizin həyatında yeni bir mərhələyə yol açdı. Ondan sonra heç bir il keçməmiş – 1993-cü ilin oktyabr ayında Heydər Əliyev xalqın mütləq əksəriyyətinin dəstəyi ilə Prezident vəzifəsinə seçildi və ölkəmizin böhrandan çıxma prosesi artıq başladı”.

Eyni zamanda, Ulu öndərin əsasını qoyduğu quruculuq və inkişaf siyasətini 2003-cü ildən sonra uğurla davam etdirən Preziden İlham Əliyevin rəhbərliyi ilə YAP yeni dövrdə də yeni uğurlar əldə edib və hazırda da əldə etməkdədir.

Son 18 ildə qazanılan uğurlar

Vurğulandığı kimi bu gün ümummilli liderin ideyalarını uğurla davam etdirən Prezident İlham Əliyevin rəhbərlik etdiyi YAP təkcə ölkəmizdə deyil, həmçinin regionda da böyük siyasi gücə çevrilib. Sıralarında 800 minə yaxın üzvü birləşdirən partiya hazırda yeniliyə, tərəqqiyə, siyasi həmrəyliyə daha çox töhfə vermək üçün fəaliyyətini uğurla davam etdirir.

Bu məqamda xatırlatmağı özümüzə borc bilirik ki, Heydər Əliyev 1 oktyabr 2003-cü il tarixdə Azərbaycan xalqına müraciətini aşağıdakı sözlərlə tamamlayırdı: “Sizi əmin edirəm ki, həm İlham Əliyev, həm də Yeni Azərbaycan Partiyası bundan sonra da xalqımızın ən layiqli övladlarını öz ətrafında sıx birləşdirərək Azərbaycan dövlətinin inkişafı və xalqımızın firavanlığı yolunda çox işlər görəcəklər. İnanıram ki, mənim axıra çatdıra bilmədiyim taleyüklü məsələləri, planları, işləri Sizin köməyiniz və dəstəyinizlə İlham Əliyev başa çatdıra biləcək. Mən ona özüm qədər inanıram və gələcəyinə böyük ümidlər bəsləyirəm”.

Qısa zaman ərzində atılan addımlar, əldə edilən uğurlar isə dahi şəxsiyyətin bütün fikirlərində olduğu kimi, bu məsələdə də yanılmadığını ortaya qoydu.

Bir sözlə, ötən 18 il ərzində cənab İlham Əliyevin bütün sahələrdə əldə etdiyi uğurlar tariximizin şərəf, qürur və inkişaf səhifəsini təşkil edir. Məhz bu uğurlar nəticəsində bu gün Azərbaycan regionun ən qüdrətli dövlətidir, dünyada böyük nüfuza malikdir. Regionda Azərbaycanın razılığı olmadan heç bir layihə icra olunmur.

Ən əsası Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə rəşadətli Azərbaycan Ordusunun ötən il 44 günlük Vətən müharibəsində qazandığı tarixi Zəfər həm torpaqlarımızın işğalına son qoydu, həm də regionda yeni reallıqlar yaratdı. Öz adını tarixə Müzəffər Ali Baş Komandan, xalqının adını isə qalib xalq kimi yazdıran cənab İlham Əliyevin bu qətiyyətli addımlarının dəstəkçisi olan YAP da həmin uğurların əldə edilməsi üçün var gücü ilə çalışdı. Özü də bütün cəbhələrdə.

Vətən müharibəsi günlərində YAP-dan siyasi həmrəylik nümunəsi

Həmin tarixi günlərdə Vətənini düşünən hər kəs aparılan haqq savaşına dəstək olmaq üçün özünü irəli atdı. Heç də təsadüfi deyil ki, YAP Vətən müharibəsi günlərində də sınaqdan alnıaçıq, üzüağ çıxdı.

Cənab Ali Baş komandanın çağırışına ilk səs verərək könüllü şəkildə ordu sıralarına yazılanlar sırasında partiyanın vətənpərvər üzvləri də var idi.

Həmin günlər partiya dövlətə və xalqa xidmət missiyası tarixinə daha bir bəndi də əlavə etdi. Belə ki, YAP 44 günlük Vətən müharibəsi dönəmində Azərbaycanın siyasi həyatında yeni bir strategiyanın – siyasi həmrəylik, inteqrasiya və milli birlik modelinin əsasını qoydu. 6 siyasi partiyanın YAP-a qoşulması isə partiyanın cəmiyyətə milli həmrəylik mesajları verdiyini, qapılarının konstruktiv qüvvələrə açıq olduğunu nümayiş etdirdi. Bu, eyni zamanda, ölkəmizin siyasi dialoq mühitinin daha da dərinləşməsində, demokratik ənənələrin şaxələnməsində yenilik oldu.

Bir sözlə, yarandığı gündən ölkəmizdə siyasi mədəniyyətin və siyasi sistemin formalaşmasına, təkmilləşməsinə birbaşa, fundamental töhfələr verən YAP yeni və olduqca həsas bir dönəmdə siyasi dialoq mühitinin dərinləşməsində də körpü rolunu oynadı və hazırda da oynayır.

Yeni dönəmə yeni tələblərlə

Bu bir həqiqətdir ki, YAP-ın qurultaylarında qəbul edilən tarixi qərarlar bir qayda olaraq ölkəmizin ictimai-siyasi həyatına yeniliklər gətirib. Həmin qərarlar eyni zamanda, ölkəmizin gələcək inkişaf perspektivlərinin müəyyənləşdirilməsi baxımından da əhəmiyyətli rola malik olub.

Bu konteksdə Mehriban xanım Əliyevanın partiyanın 2013-cü ildə keçirilmiş V Qurultayında YAP Sədrinin müavini, 2021-ci il mart ayının 5-də baş tutmuş VII Qurultayında isə YAP Sədrinin birinci müavini təyin olunması həm YAP, həm də bütövlükdə Azərbacan cəmiyyəti üçün xüsusi əhəmiyyət kəsb etməklə yanaşı, partiyanın və dövlətin daha da güclənməsinə xidmət edən mühüm hadisə kimi dəyərləndirilir.

Partiyanın 2021-ci il martın 5-də keçirilən VII qurultayı isə, əksər ekspertlərin də vurğuladıqları kimi, YAP-ın tarixində növbəti dönüş nöqtəsi oldu.

Partiyanın Sədri, Prezident İlham Əliyevin VII qurultaydakı çıxışında səsləndirdiyi fikirlərə və qarşıya qoyduğu vəzifələrə uyğun olaraq mühüm qərarlar qəbul edən YAP yeni dönəmə yeniliklərlə getməyə hazır olduğunu nümayiş etdirdi.

Özü də bunlar sıradan bir qərarlar deyil, necə deyərlər partiyanın və ölkənin gələcək inkişafına xidmət edən addımlar kimi də önəm kəsb edir.

Öz növbəsində, qurultaydan keçən qısa zaman ərzində Mərkəzi Aparat tərəfindən atılan addımlar, idarəçilikdə tətbiq edilən yeniliklər partiyanın qarşıyan qoyulan vəzifələrin icrası üçün var gücü ilə çalışdığını, yeni dövrün tələblərinə uyğun yeni fəaliyyət sərgilədiyini nümyiş etdirir.

Mission News Theme by Compete Themes.