Son yeniləmə: 20 Noyabr 2021 19:43
Bayraqdar.info – Noyabrın 20-də Ekologiya və Təbii Sərvətlər, Təhsil nazirliklərinin, IDEA İctimai Birliyinin birgə təşkilatçılığı ilə Xocəsən qəsəbəsində “Zəfərdən yaşıl düşüncəyə” devizi altında ağacəkmə kampaniyası baş tutub. Kampaniya “Yaşıl Marafon” layihəsi çərçivəsində həyata keçirilib.
Təhsil Nazirliyindən bayraqdar.info-ya verilən xəbərdə bildirilir ki, ağacəkmə kampaniyasında müvafiq qurumların rəhbər şəxsləri və aidiyyatı struktur bölmə rəhbərləri iştirak ediblər. Həmçinin, ölkədə təhsil alan əcnəbi tələbələr, ali təhsil müəssisələrinin nümayəndələri, “2007-2015 Dövlət Proqramı” və “Hökumətlərarası Təqaüd Proqramları (HTP)” məzunları da kampaniyada iştirak ediblər. Dövlət Miqrasiya Xidmətinin və Xarici İşlər Nazirliyinin Beynəlxalq İnkişafa Yardım Agentliyinin (AIDA) nümayəndələri də sözügedən marafona qoşulublar.
Ekoloji vəziyyətin yaxşılaşdırılması, yaşıllıqların artırılması, əcnəbi tələbələrin şəbəkələşməsi, əcnəbilərin Azərbaycanda təhsilinin təşviqi məqsədilə payız ağacəkmə marafonunda 17 ali təhsil müəssisəsindən 48 ölkəni əhatə edən 100-dən çox əcnəbi tələbə iştirak edib.
Sonda iştirakçıların təəssüratları dinlənilib, onlarla xatirə şəkli çəkdirilib.