Son yeniləmə: 20 Noyabr 2021 10:44
Bayraqdar.info – Noyabrın 19-da Mədəniyyət Nazirliyinin təşkilatçılığı ilə noyabr ayının 15-dən işə başlamış Nizami Gəncəvi Beynəlxalq Festivalı çərçivəsində keçirilən silsilə tədbirlər davam edib.
Mədəniyyət Nazirliyindən bayraqdar.info-ya verilən xəbərdə bildirilir ki, Gəncə Dövlət Kukla Teatrının aktyorlarının Nizami Gəncəvinin “Yeddi gözəl” poemasından hazırladıqları “Xeyir və Şər” uşaq tamaşası təqdim edilib. Tamaşa Gəncə Regional Mədəniyyət İdarəsinin dəstəyi ilə baş tutub.
Tamaşadan əvvəl Azərbaycanın müstəqilliyi və ərazi bütövlüyü uğrunda şəhidlik zirvəsinə ucalan Vətən övladlarının əziz xatirəsi bir dəqiqəlik sükutla yad edilib.
Xəbərdə bildirilir ki, “Xeyir və Şər” uşaq tamaşasının quruluşçu rejissoru, Gəncə Dövlət Kukla Teatrının direktoru, Əməkdar artist Fərmail Paşayev, quruluşçu rəssamı Fəxri Mədəniyyət İşçisi Əntiqə Bədirovadır.
Tamaşada N.Gəncəvi rolunda Əməkdar artist Xudayət Əsgərov çıxış edib. Xeyir – Məhəmməd Hacıyev, Xudayət Əsgərov (Kukla aktyor), Şər – Şamil Məmmədli (II Vətən müharibəsi iştirakçısı), Elmar Vəliyev (Fəxri Mədəniyyət işçisi) Kukla aktyor rollarını ifa ediblər.
Xatırladaq ki, dahi mütəfəkkirin 880 illiyinə həsr olunmuş N.Gəncəvi Beynəlxalq Festivalı noyabr ayının 26-dək silsilə tədbirlərlə davam edəcək.