Son yeniləmə: 20 Noyabr 2021 14:10
Bayraqdar.info – T3 Vəqfi Qəyyumlar Şurasının və Teknofest İdarə Heyətinin sədri Selçuk Bayraktar gənclərə müraciət edib. Türkiyə mediasının məlumatına görə, o, müraciətində “Yeni dövrdə özlərini bu işə həsr edəcək və daha da irəli aparacaq təqaüd namizədlərimizi gözləyirik” deyib.
T3 Vəqfindən verilən açıqlamaya görə, Vəqfin hər təhsil dövründə reallaşdırdığı təqaüd proqramının adının dəyişdirliməsi qərarlaşdırılıb. Qərara əsasən bundan sonra “Özdemir Bayraktar milli texnologiya təqaüd proqramı” çərçivəsində texnologiya sahəsində bacarıqlı gənclərə təqaüd veriləcək.
Məlumat üçün bildirək ki, bu proqram çərçivəsində Türkiyənin yerli və milli texnologiya hərəkatına töhfə verməyi hədəfləyən gənclərə əvəzsiz təqaüd verilir.
Beləliklə, yeni tədris ilində T3 Vəqfi tələbələrin layihə və fəaliyyətlərini dəstəkləyən “Özdemir Bayraktar milli texnologiya təqaüd proqramı” çərçivəsində 2000 tələbənin inkişafına töhfə verəcək.
Sözügedən fəaliyyətlər çərçivəsində orta məktəb, lisey və universitet tələbələri üçün “Yüksələn ulduz təqaüd proqramı”, “Təlimçi-müəllim təqaüd proqramı və “Təhsilə dəstək təqaüd proqramı” olmaqla üç fərqli dəstək proqramı təqdim ediləcək.
Gənclərə video mesajla müraciət edən Selçuk Bayraktar, “Bu aydan etibarən təqaüd prosesinin sonuna gəldik. 2020-ci ildə 300, 2021-ci ildə isə 450 təqaüdçümüz var idi. Əvvəlki illərdə olduğu kimi bu il də təqaüdçülərimiz Milli Texnologiya Hərəkatının inkişafı üçün çox çalışdılar. Yeni dönəmdə özlərini bu işə həsr edəcək və daha da irəli aparacaq təqaüdçü namizədlərimizi gözləyirik” deyib.