Bayraqdar.info – Əlahiddə Ümumqoşun Orduda növbəti dəfə təşkil edilmiş zabit heyətinin təkmilləşdirmə kursunu uğurla bitirən məzunlar yuxarı vəzifələrə təyin olunublar. Bu münasibətlə təntənəli mərasim keçirilib.
Müdafiə Nazirliyinin noyabrın 20-də yaydığı məlumatda bildirilir ki, mərasimdə əvvəlcə şəhidlərin əziz xatirəsi yad edilib və Azərbaycan Respublikasının Dövlət Himni səsləndirilib.
Polkovnik Mübariz Rzayev kurs zamanı keçirilən məşğələlərdə əsas diqqətin 44 günlük Vətən müharibəsində qazanılan təcrübənin öyrənilməsinə yönəldildiyini bildirib. O, həmçinin silahlanmaya yeni daxil edilmiş ən müasir silah və hərbi texnika nümunələrinin real döyüş şəraitində tətbiq edildiyini qeyd edib.
General-polkovnik Kərəm Mustafayev qeyd edib ki, Əlahiddə Ümumqoşun Ordu döyüş arsenalının ən müasir silah və texnika təminatına, bütün parametrlər üzrə müasir standartlar səviyyəsinə yüksəlib. Çıxışların ardından məzunlara sertifikat və hədiyyələr təqdim edilib.
Kurs birincisi xatirə lövhəsinə buraxılış emblemini vurub və məzunların yeni vəzifələrə təyin olunmaları ilə bağlı əmrlər mərasim iştirakçılarına çatdırılıb. Əmrlər oxunduqdan sonra məzunların tribuna önündən təntənəli keçidi olub. Sonda xatirə şəkili çəkdirilib.