Bayraqdar.info – Azərbaycan tərəfi hər zaman siyasi dialoqa açıqdır və bu kimi təmasları müsbət qarşılayır. Bunu Xarici İşlər Nazirliyinin Mətbuat xidməti idarəsinin rəisi Leyla Abdullayeva deyib.
Avropa İttifaqı Şurasının Prezidenti tərəfindən bəyan edilmiş, Şərq Tərəfdaşlığı ölkələrinin qarşıdan gələn Zirvə görüşü çərçivəsində Azərbaycan və Ermənistan liderlərinin görüşünün keçirilməsi təklifi ilə bağlı KİV-in sualını cavablandıran L.Abdullayeva deyib: “Bildiyiniz kimi, Avropa İttifaqı Şurasının Prezidenti Şarl Mişelin Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev və Ermənistan Respublikasının Baş naziri Nikol Paşinyan ilə 19 noyabr 2021-ci il tarixində telefon danışıqları baş tutub və Aİ Şurasının Prezidenti bu ilin 15 dekabr tarixində Brüsseldə keçiriləcək Şərq Tərəfdaşlığının Zirvə görüşü çərçivəsində hər iki ölkə liderinin görüşünün təşkil edilməsi təklifi ilə çıxış edib”.
Vurğulanıb ki, Azərbaycan tərəfi hər zaman siyasi dialoqa açıqdır və bu kimi təmasları müsbət qarşılayır: “Bu xüsusda, Aİ Şurasının Prezidentinin Brüssel Zirvəsi çərçivəsində Aİ-nin vasitəçiliyi ilə iki ölkə liderinin görüşünün təşkili təklifinə Azərbaycan tərəfindən razılıq verilib”.
Xarici İşlər Nazirliyinin Mətbuat xidməti idarəsindən bayraqdar.info-ya noyabrın 20-də verilən məlumata görə, L.Abdullayeva daha sonra aşağıdakıları bildirib: “Post münaqişə dövrünün reallıqları müstəvisində Azərbaycanın mövqeyi dəfələrlə dövlət başçımız tərəfindən, o cümlədən beynəlxalq platformalada səsləndirilib. Bu xüsusda, Brüssel Zirvəsinin və bu çərçivədə keçirilməsi nəzərdə tutulan görüşün əlavə imkanlar yaradacağını hesab edirik”.