Son yeniləmə: 20 Noyabr 2021 20:31
Bayraqdar.info – Noyabrın 19-da Türk Dövlətləri Təşkilatına (TDT) üzv ölkələrin diaspor işlərinə məsul nazirlərin və qurum rəhbərlərinin IV toplantısı keçirilib. Onlayn formatda keçirilən toplantı Qazaxıstan Respublikası İnformasiya və Sosial İnkişaf Nazirliyinin ev sahibliyi və TDT Katibliyinin moderatorluğu ilə baş tutub.
TDT Katibliyindən bayraqdar.info-ya verilən məlumata görə, iclasda Qazaxıstan Respublikası Sosial İnkişaf və İnformasiya nazirinin müavini Serik Egizbayev, Türkiyə Cümhuriyyəti Yurtdışı Türklər ve Akraba Topluluklar (YTB) başqanı Abdullah Eren, Azərbaycan Respublikası Diasporla İş üzrə Dövlət Komitəsi sədrinin müavini Elşad Əliyev, Özbəkistan Respublikasının Nazirlər Kabineti nəzdində Millətlərarası Əlaqələr və Xarici Ölkələrlə Dostluq Komitəsinin sədri Rustambek Kurbanov və Qırğız Respublikası Xarici İşlər Nazirliyinin Məcburi Miqrasiya üzrə Departamentinin direktoru Taştanbek Kayimazarov, iştirak ediblər.
Bildirilib ki, əvvəlcə TDT Baş katibinin müavini Qismət Gözəlov iclasın gündəliyində olan məsələlər barədə qısa məlumat verib.
“Sonra gündəliyə uyğun olaraq iştirakçılar TDT-yə üzv ölkələrin dövlət başçılarının 12 noyabr 2021-ci ildə İstanbulda şəhərində keçirilmiş TDT-nin VIII Zirvə Toplantısının Bəyannaməsində əksini tapmış diaspor sahəsində əməkdaşlığa dair dövlət başçılarının qərarlarının və onların əsas istiqamətlərinin, habelə “Türk Dünyasına Baxış – 2040” sənədində qarşıya qoyulmuş məsələlərin ətraflı müzakirə aparıblar.
Tərəflər həmçinin türk dövlətlərinin diasporlarının mövcud vəziyyəti, üzv dövlətlərin diaspor məsələləri üzrə dövlət qurumlarının, eləcə də xaricdəki diasporlar arasında əməkdaşlığın və koordinasiyanın gücləndirilməsi yolları barədə də geniş fikir mübadiləsi aparıblar” , – deyə qeyd edilib.
Məlumata əsasən, çıxışlardan və müzakirələrdən sonra “Türk Dövlətləri Təşkilatının 2022-ci il üçün diaspor sahəsində Birgə Fəaliyyət Planı” qəbul edilib.
Beləliklə, iştirakçılar 2022-ci ildə türk dünyasının mədəniyyət paytaxtı seçilmiş Bursa şəhərində 2022-ci ilin mart ayında “Türk Dövlətləri Təşkilatına üzv dövlətlərin diasporla iş sahəsində məsul qurumlarının II Təcrübə Mübadiləsi Proqramı”nın təşkil olunması, eyni zamanda həmin vaxt Bursada “Türk Dövlətləri Təşkilatının II Diaspor Forumu”nun keçirilməsi barədə razılığa gəliblər. İştirakçılar, həmin vaxt xaricdə və Türkiyədə yaşayan türk diasporu və digər türk əməkdaşlıq təşkilatlarının iştirakı ilə möhtəşəm Novruz şənliyinin keçirilməsinə də razılaşıblar.
İclasda eyni zamanda “3 Oktyabr – Türk Dövlətləri Əməkdaşlıq Günü”nün 2022-ci ildə TDT-nin sədri kimi Türkiyənin diplomatik nümayəndəlikləri vasitəsilə qeyd olunacağı bildirilib. TDT-nin Macarıstandakı nümayəndəliyində də analoji tədbirin təşkili barədə qərar qəbul edilib.
Bundan başqa TDT-nin həyata keçirdiyi müvafiq tədbirlərdə iş adamlarının və diaspor gənclərinin müntəzəm iştirakını təmin edən qərarlar qəbul olunub. Həmçinin Azərbaycan tərəfinin təklifi əsasında TDT-nin I Diaspor Gənclər Forumunun 2022-ci ildə Azərbaycanda keçirilməsi barədə razılığa gəlinib.
Toplantının sonunda Türk Dövlətləri Təşkilatına üzv ölkələrin diaspora işlərinə məsul nazirlərin və qurum rəhbərlərinin V toplantısının 2022-ci ildə Qırğız Respublikasında keçirilməsinə qərar verilib.