Press "Enter" to skip to content

Fars-molla rejimi Təbrizi dilənçilər şəhərinə çevirib

Təbriz dilənçilər şəhərinə çevrilib

Son yeniləmə: 20 Noyabr 2021 18:59

Bayraqdar.info – Dilənçisiz şəhər kimi ad çıxaran Təbrizdə yoxsulluq və yüksək inflyasiya ucbatından dilənçilərin sayı kəskin artıb.

Bundan öncə yüz illər boyu yerli xeyriyyəçilərin səyi nəticəsində başqa bölgələrdən, özəlliklə İranın mərkəzi əyalət və şəhərlərindən fərqli olaraq Təbrizdə heç bir dilənçi olmayıb.

Ancaq xüsusilə son zamanlar yoxsulluq və inflyasiyanın şiddətlənməsi Təbrizin də görkəmini zədələyib.

Rəsmi qurumların verdiyi məlumata əsasən, qısa müddətdə Bütöv Azərbaycanın tarixi paytaxtında dilənçirlərin sayında kəskin çoxalma qeydə alınıb.

Hazırda Təbrizdə Yoxsullara Dəstək Xeyriyyə Təşkilatında yerləşən Dilənçiliyin Qarşısının Alınması və Tənzimlənməsi Evinin katibi Hüseyn Əlamir mediaya verdiyi açıqlamada son 6 ayda Təbrizdə dilənçi sayının 17 faiz artdığını deyib.

O, cari günəş ilinin 6 ayı ərzində Təbrizdə 1 min 186 dilənçinin yığışdırılmasına toxunaraq, onlardan 550-sinin qadın, 636-sının isə kişi olduğunu və öncəki dövrə nisbətdə qadın dilənçilərin sayının çoxaldığını qeyd edib.

Təbriz fərmandarının siyasi, təhlükəsizlik və ictimai məsələlər üzrə müavini Səid Bərzgər isə hal-hazırda dilənçiliyin şəhər üçün ciddi problemə çevrildiyini və bunun qarşısının alınması üçün müxtəlif dövlət qurumlarının birgə tədbirlərinin həyata keçirilməsinin zəruri olduğunu söyləyib.

O, Təbrizdə dilənçiliklə məşğul olanları iki dəstəyə ayırıb. “Onların bir dəstəsi rəsmi yaşayış icazələri olmayan xarici vətəndaşlardır. İkinci qismi isə İranın başqa əyalətlərindən dilənçilik üçün Təbrizə gələn şəxslərdir”, – deyə Bərzgər bildirib.

Fərmandar müavini bununla yanaşı yerli dilənçilərin də olduğunu, onların yerli xeyriyyəçilərin yardımı üçün statistikasının aparıldığını deyib.

Təbriz Şəhər Şurasının üzvü Ruhullah Rəşidi isə yerli məsulların dilənçilərin qıraqdan gəlmə olduqları ilə bağlı dediklərini absurd adlandırıb.

O, “Rəsmi statistikalara görə, ölkədə 30 milyon insan yoxsulluq həddinin altında yaşayır. Təbrizdə isə 300 min nəfərə bərabər olan 93 min ailə mütləq yoxsulluq həddində yaşayır. Yoxsulluq təbrizli və qeyri-təbrizli tanımır”, – deyə əhalinin məişət problemlərinin həddindən çox olduğunu bildirib.

İxtisasca sosioloq olan R.Rəşidi deyib ki, bu insanların çoxu məişət problemlərinin onları həddindən çox sıxdığına görə dilənçiliyə məcbur olublar və bu, əslində ölkədə mövcud olan iqtisadi, ictimai dəyişikliklərin məntiqi nəticəsidir.

O, yerli xeyriyyəçilərin bütün problemləri həll etmək iqtidarında olmadıqlarını deyib və artırıb ki, bu məsələlərin qarşısının alınması üçün dövlətin dəqiq proqramı olmalı, sərvətlərin ədalətli şəkildə paylanılmasına çalışılmalıdır.

Qaynaq: GünAz.TV

Mission News Theme by Compete Themes.