Bayraqdar.info – Ağdam. Damları ağ şəhər. Bir zamanlar belə olub. Deyirlər. Görməmişəm, eşitmişəm.
Əslində mən Ağdamı görmüşəm. Amma gördüklərim yalnız onun qalıqları idi. Ürəkağrıdan görüntülərdi mən gördüyüm Ağdam.
2021-ci ilin 13 mart günü Prezident İlham Əliyevin təşəbbüsü çərçivəsində bir qrup vətəndaş cəmiyyəti təmsilçisi və media əməkdaşı olaraq Ağdama səfər etmişdik.
Prezidentin köməkçisi Hikmət Hacıyevin rəhbərliyi altında geniş bir heyətdik. Aramızda ağdamlılar da vardı.
Onların bəziləri ağdamda böyüyüb boya-başa çatmışdı. Amma 27 ildən çox idi ki, öz yurdlarını görə bilmirdilər. Düşmən tapdağındakı Ağdam ilk dəfə idi ki, bizimlə bərabər öz doğma övladlarını da qarşılayırdı.
Bizim gördüyümüz Ağdam, dediyimiz kimi, sadəcə qalıqlardan ibarətdi. Çox ağır mənzərələrdi gördüklərimiz. Təsəvvür edin; evlər büsbütün dağıdılıb, hətta otaqların qalıqlarının içində çoxillik kollar, ağaclar bitmişdi. Kim bilir, o otaqlar, o evlər kimindi?..
Ağdama ikinci səfərim də bu il olmuşdu. Avqustun sonu, sentyabrın əvvəlində türk dünyasından bir qrup jurnalisti öncə Cəbrayıl və Şuşaya, sonra da Gəncə və Ağdama müşayiət etmişdim. Bu dəfəki Ağdamda artıq həyat hiss edilməyə başlamışdı.
Yox, insanlar hələ qayıtmayıb ora. Heç qayıda da bilməzlər. Dedik axı, ev adına heç nə qalmayıb orada. Sadəcə olaraq Azərbaycan dövləti çox sürətlə bərpa-quruculuq işlərinə başlayıb. Ona görə də hiss olunur ki, çox tezliklə Ağdam, dövlətimizin elan etdiyi kimi, bölgənin ən böyük şəhəri kimi göz oxşayacaq.
Ağdam şəhəri işğaldan öncə 30 mindən bir az çox əhaliyə sahibdi. İndi isə yeni şəhər tikilir ki, 100 min əhalisi olacaq.
Olacaq. Ağdam olacaq. Bu gün – noyabrın 20-si Ağdamın düşmən işğalından azad edilməsinin düz 1 ili tamam oldu. Məhz bu gün, 2020-ci ildə Azərbaycan dövləti bir güllə belə atmadan işğalçı Ermənistanın Ağdamdan çəkilib getməsinə nail olmuşdu.
Bayramın mübarək, Ağdam! Çox yaxında sən yenidən qaynayıb coşacaqsan. Biz yenə də gələcəyik, görəcəyik, yazacağıq. Biz sənin – Prezident, Müzəffər Ali Baş Komandan İlham Əliyevin sözüylə desək – dirçəlmiş halını mütləq görəcəyik, göstərəcəyik. İndi isə əlimizdə olan yalnız budur, aşağıda əlavə etdiyimiz video…