Son yeniləmə: 20 Noyabr 2021 01:01
Bayraqdar.info – Kuzey Kıbrıs Türk Cümhuriyyətinin dövlət radiosu Bayrak Radionun 58 yaşı olur. Bununla bağlı KKTC-də bir həftəlik bayram tədbirləri keçiriləcək. Bu barədə KKTC mediası məlumat yayıb.
Bildirilib ki, Bayrak Radionun ad günü, dekabrın 25-də “Bayrak” qəzeti də işıq üzü görəcək. Bayrak Radio-nun 58 yaşına özəl olaraq 58 səhifədə işıq üzü görəcək qəzetin nəşrinə “Kuzey Kıbrıs Turkcell” dəstək verəcək.
Artıq bununla bağlı “Kuzey Kıbrıs Turkcell” ilə Bayrak Radio Televiziya Kurumu (BRTK) arasında protokol imzalanıb.
İmzalanma mərasimindən əvvəl çıxış edən BRTK-nin direktoru Meryem Özkurt dekabrın 25-də Bayrak Radiosunun 58-ci ildönümünün qeyd olunacağını və bu çərçivədə silsilə tədbirlər təşkil etməyi planlaşdırdıqlarını bildirib: “Tədbirlər planına “Bayraq qəzeti”nin dekabrın 25-də işıq üzü görməsi də daxildir. 7 min ədəd və 58 səhifəlik “Bayraq qəzeti”ndə 1963-cü ildən bu günə BRT-nin keçdiyi yoldan bəhs ediləcək”.
BRTK-nın ilk dəfə qəzet çıxaracağını xatırladan M.Özkurt, “Bu qəzet yaddaşımızı formalaşdıracaq. 58 səhifə ilə bir tarixi anladacağıq. Kıbrıs türklərinin mübarizəsi ilə birlikdə doğan Bayrak Radionun yaranması hekayəsi təqdim ediləcək. Ona görə də biz bu qəzetə böyük önəm veririk. Biz çox xoşbəxtik ki, “Kuzey Kıbrıs Turkcell” bu mübarizədə bizimlədir” , – deyib.
“Kuzey Kıbrıs Turkcell” baş direktoru Murat Küçüközdemir isə Bayrak Radio Televiziya Kurumunun 58-ci ildönümünü təbrik edərək BRTK-nın həyata keçirdiyi layihənin ortağı olmaqdan qürur duyduqlarını söyləyib.
M.Küçüközdemir, “Bayrak Radio və Televiziya Kurumunun əməkdaşlarına qurumun bugünkü vəziyyətə gətirilməsi üçün göstərdikləri səylərə görə təşəkkür və təbrik edirəm” deyib.
Çıxışlardan sonra iki qurum arasında əməkdaşlıq protokolu imzalanıb. Protokolu Bayrak Radio Televiziya Kurumunun direktoru Meryem Özkurt və “Kuzey Kıbrıs Turkcell” baş direktoru Murat Küçüközdemir imzalayıb.