Son yeniləmə: 20 Noyabr 2021 10:46
Bayraqdar.info – “Yüksəliş” müsabiqəsinin mentorluq proqramı çərçivəsində idarəçi rəhbərləri ilə qalibləri arasında görüşlər davam edir.
Mədəniyyət naziri Anar Kərimov noyabrın 19-da “Yüksəliş” müsabiqəsinin qalibi Fərrux Əliyev ilə görüşüb.
Bu barədə bayraqdar.info-ya Mədəniyyət Nazirliyindən xəbər verilib.
Xəbərdə bildirilir ki, nazir ikitərəfli mentorluq proqramının müsabiqə qalibəri üçün faydalı olacağına inamını ifadə edib. Nazir qeyd edib ki, F.Əliyev, eləcə də digər müsabiqə qaliblərinin bilikləri və qazanmaqda olduqları təcrübə həm özləri, həm də çalışacaqları sahələr üçün böyük əhəmiyyətə malik olacaq.
F. Əliyev daim yeni bacarıqlara yiyələnmək istədiyini və mentorluq proqramının səmərəli olacağını bildirib, səmimi görüşə görə nazirə təşəkkür edib.
Müsabiqənin şərtlərinə əsasən, qalib bir il müddətində müsabiqənin idarəçi rəhbəri ilə mentorluq proqramı çərçivəsində əməkdaşlıq edərək təcrübə keçəcək.
“Yüksəliş” müsabiqəsi 21-51 yaş aralığında, iki illik idarəçilik təcrübəsi olan, ali təhsilli Azərbaycan Respublikasının vətəndaşlarını əhatə edir. Müsabiqə 5 mərhələdən – qeydiyyat, onlayn seçim, əyani, yarımfinal və finaldan ibarətdir. Müsabiqədə ümumilikdə 11 min 760 nəfər qeydiyyatdan keçib. Onlardan 9 min 775 nəfəri müsabiqəyə qəbul edilib.