Press "Enter" to skip to content

Ramin Məmmədov: Qazilərin əlilliyinin qiymətləndrilməsinə xüsusi diqqət və qayğı ilə yanaşılır

Son yeniləmə: 19 Noyabr 2021 14:55

Bayraqdar.info – “Bəlli olduğu kimi Azərbaycanda şəhid ailələri və qazilər, o cümlədən müharibə əlilləri daim dövlətin diqqət mərkəzindədir. Belə ki, bu katiqoriyadan olan insanların sosial problemlərinin həlli üçün davamlı addımlar atılır. Eyni zamanda onların mənzil və fərdi evlə təminatı həyata keçirilir”.

Bunu bayraqdar.info-ya özəl açıqlamasında Milli Məclisin deputatı Ramin Məmmədov deyib.

Onun sözlərinə görə, göstərilən diqqət və qayğı çərçivəsində Zəfərimizlə başa çatan Vətən müharibəsində yaralanmış hərbi qulluqçuların əlilliyinin qiymətləndirilməsinə də müvafiq qurumlar, o cümlədən Əmək və Əhalinin Sosial Müdafiə Nazirliyi tərəfindən xüsusi qayğı və həssaslıqla yanaşılır: “Məlum olduğu kimi bunun üçün Nazirlər Kabinetinin qərarı ilə yaradılmış komissiyada təmsil olunan qurumların nümayəndələrinin iştirakı ilə qazilərin əlilliyinin qiymətləndirilməsi işləri operativ şəkildə yerinə yetirilir. İlk növbədə Komissiya üzvləri tərəfindən hərbi qulluqçuların əyani müayinəsi və müvafiq sənədləşdirmə işləri aparılır. Müdafiə və Ədliyyə nazirliklərinin, Daxili Qoşunların, Dövlət Sərhəd Xidmətinin Hərbi Həkim Komissiyaları tərəfindən şəhadətnamələr (xəsarət və ya xəstəliklərinin hərbi xidmətlə əlaqəsinin müəyyənləşdirilməsi məqsədilə) təqdim olunur və tibb müəssisələri tərəfindən göndəriş (forma 88) elektron sistemə daxil edilir. Yekun mərhələ kimi əlilliyin qiymətləndirilməsi aparılır”.

ƏƏSMN-in məlumatında da qeyd edildiyi kimi ötən dövrdə Vətən müharibəsinin 2200 qazisinə ölkəmizin ərazi bütövlyünün müdafiəsi ilə əlaqədar əlillik təyinatı aparılıb və hazırda da bu işlər davam etdirilir: “Onu da deyim ki, əlillik təyinatından dərhal sonra proaktiv qaydada olmaqla e-sistem üzərindən onlara müvafiq sosial ödənişlər təyin edilib”.

Müsahibimizin sözlərinə görə, əlilliyi olan şəxslərə, o cümlədən müharibə əlillərinə yönələn sosial ödənişlər (pensiya və müavinətlər, təqaüdlər) də mütəmadi olaraq artırılır: “Xüsusilə də son üç ildə həmin ödənişlərdə orta hesabla 2 dəfə artım baş verib. Eyni zamanda, dövlət başçısının 2020-ci il dekabrın 30-da imzaladığı fərmanlarla Prezidentin aylıq təqaüdü müharibə, 1990-cı ilin 20 Yanvar hadisələri, hərbi xidmət vəzifələrini yerinə yetirməklə, Çernobıl AES-də hərbi xidmətlə əlaqədar əlilliyi olan şəxslər üçün I dərəcə üzrə 250 manatdan 400, II dərəcə üzrə 230 manatdan 350, III dərəcə üzrə 210 manatdan 300 manata çatdırılıb. Milli Qəhrəmanlarımız üçün 1500 manatdan 1800, Böyük Vətən müharibəsi iştirakçıları üçün 150 manatdan 300 manata çatdırılıb. Eyni zamanda “Vətən Müharibəsi Qəhrəmanı” adı verilmiş şəxslərə 2000 manat məbləğində Prezidentin aylıq təqaüdü təsis olunub”.

O da vurğulanıb ki, bütün bunların fonunda görülən işlərə kölgə salmağa cəhdlər edilir. Bəzi hallarda KİV və sosial mediada Qarabağ müharibəsi qazilərinin əlilliyinin təyinatı ilə bağlı tamamilə əsassız olan, yanlış ictimai rəy, süni ajiotaj yaratmağa yönələn fikirlər yer alır: “Halbuki, kimsəyə sirr deyil ki, ölkımizdə həm 1-ci, həm 2-ci Qarabağ müharibəsi qazilərinin əlilliyinin qiymətləndrilməsinə xüsusi diqqət və qayğı ilə yanaşılır. 1-ci Qarabağ müharibəsi iştirakçılarından da təkrar qiymətləndirmə zamanı böyük qisminin əlillik müddəti uzadılıb. Hərbi səbəblərlə əlaqədar əlilliyin qiymətləndirilməsi üçün əyani müayinələr aidiyyəti qurumların və qeyri-hökumət təşkilatları nümayəndələrinin də iştirakı ilə və videoçəkilişləri də aparılmaqla keçirilir. Ötən illərdə hərbi səbəblərlə əlaqədar təyin edilmiş əlillik müddəti bitən və həmin müddətin uzadılması üçün barələrində e-sistemə göndəriş daxil edilmiş şəxslərin sağlamlıq vəziyyətinə onların özlərinin iştirakı ilə əyani baxış keçirilir və bunun əsasında qərarlar qəbul olunur”.

Mission News Theme by Compete Themes.