Bayraqdar.info – Noyabrın 18-də Azərbaycan Yazıçılar Birliyində “Nizami Gəncəvinin poetik portreti” və “Nizami Gəncəvinin əsərlərinin el variantları” kitablarının təqdimatı keçirilib. Tədbirdə Mədəniyyət Nazirliyinin əməkdaşları, tanınmış ədəbiyyat adamları iştirak ediblər. Kitablar Kürdəmir Regional Mədəniyyət İdarəsinin dəstəyi ilə nəşr olunub.
Xəbər bayraqdar.info-ya Mədəniyyət Nazirliyindən verilib.
Yazıçılar Birliyinin mətbuat katibi Xəyal Rza hər iki kitab haqqında iştirakçılara qısa məlumat verib. Sonra Yazıçılar Birliyinin sədr müavini, “525-ci qəzet”in baş redaktoru Rəşad Məcid “Nizami Gəncəvi İli”ndə onun yaradıcılığının müxtəlif tərəflərinə fokuslanan kitabların nəşr olunmasını önəmli hesab etdiyini bildirib. Hər iki nəşrin layihə rəhbəri və ön sözün müəllifi Kürdəmir Regional Mədəniyyət İdarənin rəisi, fəlsəfə üzrə fəlsəfə doktoru Faiq Xudanlı çıxışında kitabların əsas məqsədini, kitabların ərsəyə gəlməsi prosesindən bəhs edib.
Daha sonra yazıçı Seyran Səxavət, Yazıçılar Birliyinin sədrinin müşaviri yazıçı-dramaturq Elçin Hüseynbəyli, Ədəbiyyat İnstitutun icracı direktoru, dosent Mehman Həsənli, Mədəniyyət Nazirliyinin Kitab sənayesi şöbəsinin aparıcı məsləhətçisi Xəyal Məmmədov və digərləri danışıblar.
“Nizami Gəncəvinin poetik portreti” kitabının təqdimat yazısının müəllifi AMEA-nın Nizami Gəncəvi adına Ədəbiyyat İnstitutunun baş elmi işçisi, professor Cavanşir Yusifli, kitabın tərtibçisi və redaktoru yazar, ədəbiyyatşünas Ramil Əhməddir.
Kitab XX-XXI əsrlərdə Nizami Gəncəviyə ithaf olunan şeirləri üzə çıxarmaq məqsədi ilə tərtib olunub.
“Nizami Gəncəvinin əsərlərinin el variantları” kitabında isə Nizami Gəncəvinin əsərlərinin folklorda, nağıllarda, dastanlarda özünə həyat qazanmış süjetləri toplanıb.
Kitabın təqdimat yazısının müəllifi AMEA-nın Folklor İnstitutunun Mifologiya şöbəsinin müdiri, professor Seyfəddin Rzasoy, redaktoru və tərtibçisi yazar, ədəbiyyat araşdırmaçısı Fərid Hüseyn, məsləhətçisi isə ədəbiyyatşünas Ramil Əhməddir.