Son yeniləmə: 18 Noyabr 2021 23:38
Bayraqdar.info – “SSRİ-nin dağılması ilə müstəqilliklərini elan edən türk respublikaları bir tərəfdən yeni dünya düzənində öz mövqelərini müəyyənləşdirməyə, digər tərəfdən də öz qardaşları, soydaşları olan dövlətlərlə yeni əməkdaşlıq qurmağa çalışırdılar. Məhz bu fəaliyyətlər fonunda zaman-zaman türk dünyasının bir araya gəlməsi üçün addımlar atıldı. Bu çərçivədə, xüsusən də Türkiyənin təşəbbüsü ilə 1992-ci ildə türkdilli ölkələrin zirvə toplantılarının keçirilməsi üçün təşəbbüslər irəli sürüldü”.
Bunu bayraqdar.info-ya özəl açıqlamasında UNEC-in Türk Dünyası İqtisad Fakültəsinin dekanı Prof.Dr. Mehmet Yüce deyib.
Türk dünyasının hazırki zirvəyə çatması üçün atılan addımların tarixinə qısa ekskurs edən M.Yüce bu sırada 1993-cü ildə qəbul edilən qərarın önəmli olduğunu bildirib: “1993-cü ildə Azərbaycan, Qazaxıstan, Qırğızıstan, Özbəkistan, Türkmənistan və Türkiyənin mədəniyyət nazirlərinin imzaladığı sazişlə türk dünyasının UNESCO-su kimi tanınan Beynəlxalq Türk Mədəniyyəti Təşkilatı (TÜRKSOY) yaradıldı. 2009-cu il, oktyabrın 3-də Türkiyə, Azərbaycan, Qazaxıstan və Qırğızıstan tərəfindən imzalanmış Naxçıvan Sazişi ilə Türkdilli Dövlətlərin Əməkdaşlıq Şurası yaradıldı”.
Müsahibimizin sözlərinə görə, Türkdilli Dövlətlərin Əməkdaşlıq Şurasının (Türk Şurası) yaradılması bu istiqamətdə atılan mühüm addım, birinci dönüş nöqtəsi oldu: “Çünki bununla, qardaş ölkələr arasında əlaqələr, inteqrasiya artıq strukturlaşma mərhələsinə qədəm qoydu. 2018-ci ildə Türk Şurası Türk Keneşi adlandırıldı. Mədəni fəaliyyətlərə üstünlük verən Türk Şurasının Türk Keneşinə çevrilməsi ilə əməkdaşlığın əhatə dairəsi daha da genişləndi, türkdilli dövlətlər iqtisadi və mədəni əməkdaşlıqdan siyasi əməkdaşlığa doğru yol aldılar.
M.Yüce qeyd edib ki, 2021-ci il noyabrın 12-də türkdilli dövlətlərin əməkdaşlığı istiqamətində ikinci dönüş baş verdi və Türk Şurasının adı dəyişdirilərək Türk Dövlətləri Təşkilatına çevrildi: “Buna sadə ad dəyişikliyi kimi baxılmamalıdır. Çünki bu, intellektual dəyişikliyi və inkişafı ifadə edir. Bu, vizyon dəyişikliyidir. İllərin zəhmətinin nəticəsi olan bu iş ortaq gələcək üçün güclü iradə ilə həyata keçirildi. Başqa bir ifadə ilə türk dövlətləri arasında davam edən iqtisadi-mədəni əməkdaşlıq bu strukturlaşma ilə türk dünyasının tam olaraq bütünləşməsinə aparan prosesə çevrildi”.
Vurğulanıb ki, Türkmənistanın və Macarıstanın bu prosesdə müşahidəçi qismində iştirak etməsi də böyük əhəmiyyət kəsb edir: “Bu proses öz yolu ilə, özü də uğurla davam edəcək. Çünki Türk Dövlətləri Təşkilatı nə keçmiş SSRİ kimi bir zülm imperiyası, nə də Avropa İttifaqı kimi milli dövlətlərin bütün suveren hüquqlarının millətlər üstü quruma verildiyi bir quruluş deyil. Bununla da türk dövlətləri arasında qarşılıqlı maraq, bərabərlik və suverenliyə hörmət çərçivəsində sıx əməkdaşlığın təmin ediləcəyi unikal strukturun qurulması istiqamətində mühüm addım atıldı”.
Bundan sonra atılmalı olan addımlara gəlincə, müsahibimiz deyib ki, bu sırada təhsil məsələlərinə xüsusilə önəm verilməlidir: “Türk Dövlətləri Təşkilatı tarixi bir yola qədəm qoyub. Bundan sonra türk birliyinin daha güclü və əhatə dairəsinin geniş olması üçün ortaq bir şüur yaranmalıdır. Bu şüurun formalaşması isə yalnız təhsillə mümkündür.Yəni, türk birliyi ideyasının memarı Qaspıralı İsmayıl bəyin ifadə etdiyi “Dildə, fikirdə, işdə birlik” ideyası ancaq köklü və şüurlu təhsil proqramı ilə tam şəkildə reallaşa bilər. Bunun üçün isə Türk Dövlətləri Təşkilatı daxilində ümumi təhsil proqramını, xüsusən də ortaq tarix proqramını həyata keçirmək lazımdır”.