Bayraqdar.info – “Rəsmi məlumatlara əsasən 2021-ci ilin ötən dövründə artıq 50 minə yaxın şəxsə əlillik təyinatı həyata keçirilib. Bu isə ötən ilin müvafiq dövrünə nisbətən təqribən iki dəfə çoxdur”.
Bunu bayraqdar.info-ya özəl açıqlamasında Milli Məclisin Əmək və sosial siyasət komitəsinin üzvü İlham Məmmədov deyib.
Deputat qeyd edib ki, Prezident İlham Əliyevin tapşırıqlarına uyğun olaraq son illər ölkədə aparılan geniş miqyaslı sosial islahatlar bütün sahələrə öz müsbət təsirini göstərir: “Bu islahatlar, həmçinin əlilliyin qiymətləndirilməsini də əhatə edir. Daha da konkretləşdirsək bu islahatlar əlillik təyinatlarının şəffaflaşdırılmasına, əlillik dərəcələrinin yalnız əlillik statusuna haqqı çatan şəxslərə təyin edilməsinə xidmət edir”.
İlham Məmmədovun sözlərinə görə, ölkəmizdə əlilliyin qiymətləndiriləməsi istiqamətində atılan mütərəqqi addımlar da təqdir edilir: “Bildiyiniz kimi, əlilliyin qiymətləndirilməsi elektron infrastruktur (“Əlillik” altsistemi) üzərindən, səhiyyə müəssisəsinin e-sistemə daxil etdiyi göndərişlərdəki məlumatlar əsasında, vətəndaş-məmur (ekspert) təması olmadan həyata keçirilir. Bu isə şəffaflığın təmin edilməsi və qərarların hər hansı kənar təsir olmadan, ədalətli şəkildə qəbul olunması üçün mühüm addımdır. Yəni, bu zaman göndərişin kimə aid olduğu və hansı tibb müəssisəsindən göndərildiyi bilinmədən həkim ekspertlər tərəfindən qərarlar qəbul edilir”.
Deputat onu da əlavə edib ki, əlillik qrupu təyin olunduqdan sonra əlilliyə görə sosial təminat növləri üzrə ödənişlərin (əmək pensiyası və ya aylıq sosial müavinət, təqaüd) təyinatı da elektron sistem üzərindən, proaktiv şəkildə həyata keçirilir: “Əlillik təyinatına haqqı çatan hər bir şəxsə əlillik dərəcəsi təyin edilir. Lakin sağlam ola-ola uzun illər hər ay əlilliyə görə sosial ödəniş almış, dövlətin güzəşt və imtiyazlarından bəhrələnmiş, bu il təkrar qiymətləndirmə, həmçinin əyani müayinə zamanı diaqnozunun təsdiqini tapmaması, sağlamlıq vəziyyətinin əlillik təyinatına əsas yaratmaması səbəbindən əlillik təyin edilməyənlər də olur. Həmin şəxslərin buna görə narazılığı isə heç bir halda haqlı sayıla bilməz. Çünki əlillik statusunun buna haqqı çatmayan insanlara verilməsi qanunazidd olmaqla yanaşı, əlilliyi olan şəxslərin hüquqlarının da pozulmasına, onlara qarşı ədalətsiz yanaşmaya, haqqı çatmayanların əlillərin haqqına ortaq olmasına gətirib çıxarar. Ona görə də bu halların bir daha baş verməməsi üşün sözügedən sahədə şəffaflıq, obyektiv və ədalətli yanaşma xüsusi diqqətdə saxlanır. Bir sözlə, aparılan işlər nəticə etibarilə əlilliyi olan şəxslərin hüquqlarının daha dolğun müdafiəsi, onlara dəstəyin daha da gücləndirilməsi məqsədi daşıyır”.