Son yeniləmə: 19 Noyabr 2021 00:23
Bayraqdar.info – Son günlər Ermənistan-Azərbaycan təmas xəttində vəziyyət çox gərginləşib. Azərbaycanın dövlət sərhədlərinin Kəlbəcər və Laçın rayonları istiqamətində Ermənistan tərəfindən pozulması sonucda təcavüzkara gərəkli cavabı qaçılmaz etdi. Noyabr ayında Ermənistanın ardıcıl olaraq müxtəlif tərəflərdən Azərbaycanın dövlət sərhədində pozuculuq fəaliyyətilə təxribatlar törətməsi intensivləşdi. Noyabrın 16-da gecə saatlarında Kəlbəcər və Laçındakı yüksəklikləri ələ keçirmək məqsədilə sərhədə texnika və artilleriya qurğuları toplayan Ermənistan yenidən hücuma keçdi. Lakin düşmənin bu həmləsi də boşuna getdi. Təcavüzkar Azərbaycan Odusunun qətiyyətli zərbəsi ilə geri oturduldu. Hər iki tərəf itki verdi. Bununla kifayətlənməyən Ermənistan silahlı qüvvələri noyabrın 17-si və 18-də bu dəfə Tovuz istiqamətindən hücuma keçdi. Ermənistanın bu hücumunun da qarşısı Azərbaycanın müzəffər ordusu tərəfindən alındı.
Ermənistanın bu təxribatları ilə bağlı Xəzər Müdafiə Tədqiqatları Mərkəzinin rəhbəri, hərbi ekspert Ramil Məmmədli bayraqdar.info-nun sorğusunu cavablandırıb. Ekspert bildirir ki, cəbhədə baş verənlər Ermənistanın sülh müqaviləsindən yayınmaq məqsədi daşıyır.
“Ötən bir ildə Ermənistan birmənalı olaraq qarşısına məqsəd qoyub ki, proseslərdən yayınsın və maksimum üstünlük qazansın. Əlbəttə ki, təslim olan bir dövlət bir müddətdən sonra belə riyakar reaksiya nümayiş etdirirsə, artıq burada başqa məqamlar ortaya çıxır. Ermənistan növbəti dəfə öz havadarlarının köməyi ilə vəziyyətdən çıxış yolu tapmaq üçün bölgədə hərbi təxribatlar həyata keçirmək və müzakirələrdən yayınmaq yolu tutub. Biz bilirik ki, müharibə bitəndən sonra Azərbaycanın dövlət başçısı konkret olaraq elan etdi ki, artıq Qarabağ ermənilərinə hər hansı statusdan söhbət gedə bilməz. Ora da digər bölgələrimiz kimi Azərbaycan Respublikasının tərkibində bir bölgə olacaq və bu baxımdan da ermənilər buna hazır olsunlar. Çox təəssüf ki, Qarabağda ermənilərin yaşadığı ərazilərdə bir-birinin ardınca təxribat hərəkətləri həyata keçirildi. Hətta bəyanatdan sonra bu təxribatların davamı bu şəkildə genişləndi. Əminəm ki, bu məsələdə Azərbaycanın mövqeyi doğru və konkretdir. Azərbaycan bütün bu təzyiqlərə baxmayaraq, qarşıda duran məqsədə çatmaq üçün lazım olan tədbirləri həyata keçirəcək”, – deyə R.Məmmədli qeyd edib.
Hərbi ekspert onu da bildirib ki, hazırda Ermənistan-Azərbaycan sərhədində vəziyyət sabit deyil, narahatlıqlar var: “Bu narahatlıqların qarşısının alınması məqsdəilə də müəyyən tədbirlər görülür. Ermənistan bəzən elə düşünür ki, 1980-90-cı illərdir. Amma bu, belə deyil. Buna nail olmaq üçün də Ermənistanın bütün cəhdləri əbəsdir”.