Press "Enter" to skip to content

Güney Azərbaycanda etirazçılar ayağa qalxdı

Abbas Lisani üçün banerlər hər yerdə

Bayraqdar.info – Noyabrın 18-də Ərdəbil şəhərinin milli fəalları şəhər zindanının 7-ci bölməsində saxlanılan siyasi məhbus Abbas Lisaniyə dəstək məqsədilə aksiya keçiriblər.

A.Lisaninin fotoları olan afişa və banerlər şəhərin müxtəlif yerlərində yapışdırılıb.

Banerlərdə onun sağlıq durumundan narahatlıq ifadə edilib, zindan, təhlükəsizlik və məhkəmə məsullarının məhbusun həyatına qarşı laqeydliyinə etiraz bildirilib.

Ərdəbilin yerüstü piyada keçidləri və divarlarına asılan baner və afişalarda “Azərbaycanın tanınmış milli qəhrəmanının canı təhlükədədir” məzmunlu şüarlar yazılıb.

Şiddətli bel və diz ağrılarından əziyyət çəkən A.Lisaniyə həkimlərinin verdiyi dərmanlar və tətbiq etdiyi müalicə işə yaramır.

Zindanın tibb məntəqəsində onun müalicəsi üçün yetərli imkan olmamasına baxmayaraq, təhlükəsizlik orqanlarının müdaxiləsi üzündən siyasi məhbusun zindandan qıraqda müalicəsinə imkan verilmir.

Ədliyyə Tibb Mərkəzinin həkimi təkidlə bildirib ki, o, tezliklə müayinə olunmalı, analizlərinin nəticələri yoxlanılmalı və mütəxəssis həkim tərəfindən müalicə edilməlidir.

Bundan bir müddət öncə A.Lisani zindan həkimlərinin verdiyi dərmanlar və tətbiq etdikləri müalicə işə yaramadığı üçn silahlı məmurların müşayiəti ilə Ərdəbilin “Fatimi” xəstəxanasına aparılıb, orada analizlər verdikdən sonra zindana geri qaytarılıb.

Koronavirus pandemiyası başlayandan İran həbsxanalarında dəfələrlə yoluxma halları müşahidə edilsə də, məhkəmə sistemi və həbsxana rəsmiləri bir sıra fəalları, o cümlədən A.Lisanini məzuniyyətə buraxmaqdan imtina ediblər.

Qeyd edək ki, 2019-cu ilin iyul ayında Ərdəbil İnqilab Məhkəməsinin 1-ci şöbəsi tərəfindən A.Lisani 8 il həbs və 2 il sürgün cəzasına məhkum edilib.

Daha sonra bu hökm Ərdəbil Apellyasiya Məhkəməsi tərəfindən 2 il sürgün və 15 il həbs cəzasına yüksəldilib. Ali Məhkəmə isə milli fəalın şikayətini təmin etmədiyindən dolayı bu hökmün tətbiqi qətiləşib.

Ərdəbil Məhkəməsi A.Lisaninin İranın İslami Cəza Qanununda nəzərdə tutulan həbs cəzalarını azaldılması ilə bağlı iddiasını rədd edib.

Beynəlxalq insan haqları təşkilatı Amnesty International Abbas Lisani ilə bağlı “təcili hərəkət” kampaniyası başladıb, siyasi məhbusun dərhal qeyd-şərtsiz azad buraxılmasını tələb edib.

Qaynaq: GünAz.TV

Mission News Theme by Compete Themes.