Press "Enter" to skip to content

Ermənistan təcavüz edir, “özümüzünkülər” də boş durmur…

Azər Həsrət

Bayraqdar.info – Məsələ o qədər sadədir ki, əlavə izaha belə ehtiyacı yoxdur. Son günlər, özəlliklə də noyabrın 16-da Ermənistan silahlı qüvvələri Azərbaycan sərhədinə təcavüz edib. Özü də ağır silahlarla. Təbii ki, belə olan halda sərhədimizi qoruyan Azərbaycan hərbçiləri qarşılıq verməli olublar. Faktiki olaraq bir günlük müharibə baş verib. Yəni bizim ordumuz-əsgərimiz Vətən torpaqlarını təcavüzdən qorumaq üçün canlarını sipər edib.

Başqa necə olmalıydı ki? Yaxud da niyə başqa cür olmalıydı? Məgər bir ölkənin ordusunun həmin ölkənin sərhədini qorumaq kimi müqəddəs bir vəzifəsi yoxdurmu? Var əlbəttə.

Bəli, təcavüzkara gərəkli qarşılıq verilib. Bu an üçün əldə olan bilgilərə görə, düşmənin 6 nəfər canlı qüvvəsi öldürülüb, 13 nəfəri əsir alınıb. Ermənistanın rəsmən bəyan etdiyinə görə, 20-dən çox hərbçisi itkin düşmüş sayılır.

Azərbaycan tərəfi də itki verib. Vətənin ən layiqli 7 oğlu bu müqəddəs savaşda şəhidlik zirvəsinə yüksəlib.

Azərbaycanı təcavüzkar elan edirlər…

İndi belə bir durum varkən, hər şey gün kimi aydınkən, görün adamlar nəyin təbliğatını aparır?

Məlum və məşhur Xədicə İsmayıl yazır: “Sərhədlərimizi aşan hərbi əməliyyatlar haqq savaşı deyil, ola bilməz. Hökumət belə qərarları təkbaşına, əsgər həyatı hesabına qəbul etməmlidir”.

Diqqət etdinizmi? Bir Azərbaycanlı öz dövlətini olmayan yerdən “sərhədləri aşan hərbi əməliyyat” keçirməkdə ittiham edir. Bunun nə demək olduğunu bilirsinizmi? Yəni Azərbaycanı elə bu azərbaycanlı təcavüzkar kimi qələmə verir. Özü də açıq mətnlə, hökmlə. Bu iddiaya inansaq Azərbaycan Ermənistana təcavüz edibmiş.

Yuxarıda biz nəyin necə olduğunu izah etdik. Azərbaycan Ermənistanın təcavüzünə cavab vermək məcburiyyətində qalıb. Bəs bu X.İsmayılı narahat edən nədir görəsən? Eyni zamanda onun bu sərsəm iddiasını bəyənərək dəstək ifadə edən dörd yüzdən çox sosial media istifadəçisi kimin dəyirmanına su tökür?..

Bu İbadoğlu da belə iddia edir…

Daha bir bənzər sərsəm iddia da Qubad İbadoğludan gəlib. Adam Rusiya Prezidentinin bir çıxışını əsas tutaraq dolayısıyla iddia edir ki, Azərbaycan bu savaşa girməklə Rusiyanın əlinə oynayır. Onun dediyindən belə çıxır ki, biz bilərəkdən Rusiyanın planı üzrə savaşa girib şəhid veririk.

Bu adama nə deyəsən? Sanki Azərbaycan savaşa Rusiyanın tapşırığı ilə bulaşır! İndi biz nə edək ki, Ermənistan Rusiyanın əlaltısıdır və Moskvadan düyməyə basılan kimi hərəkətə keçir, biz də məcbur olub cavab veririk? Yəni axı dedik, biz durduğumuz yerdə nə erməniyə güllə atırıq, nə də onlarla savaşmağa həvəsimiz və istəyimiz var. Yəni belə olduğunu Q.İbadoğlu da bilməmiş deyil hər halda. Bəs bu adam niyə dolayısıyla Azərbaycanı günahkar çıxarmağa çalışır?

Ümumiyyətlə, belə davranışlar müxalifətçilikdən qaynaqlanırmı? Düşünməyə çətinlik çəkirik. Bunun adı müxalifətçilik ola bilməz. Yəni dövlətimizə təcavüz edən xarici düşmənə qarşı məcburiyyət qarşısında savaşmalı olduğumuzu bildiyi halda bizdən olanların belə sərsəm iddialarla ictimai rəyi çaşdırmasının adı müxalifətçilik deyil! Əsla belə deyil bu!

“Kasıb balası”, “ailənin tək oğlu”…

Bir də bu “kasıb balaları”, “ailənin tək oğlu” söhbətləri ilə ictimai rəyi məşğul edənlər var. Bir əsgərimiz şəhid olur, dərhal başlayırlar ki, “kasıb balası” şəhid oldu. Biri də o yandan çıxır ki, “evin tək oğlu” şəhid oldu. Bunları da tirajlayanları yaxşıca araşdırmaq lazımdır. Niyə millətin başı düşmən təcavüzünə cavab verməyə qarışmışkən, bunlar belə fikirlərlə diqqəti yayındırır? Yaxşı olmazmı ki, bu adamlar öz enerji və vaxtlarını təcavüzkar Ermənistana qarşı nəsə yazmağa, paylaşmağa, özəlliklə də xarici ölkələrə və təşkilatlara göndərməyə sərf etsinlər?

Etmirlər! Bu “kasıb”, “tək oğul” söhbəti edənlərin heç birini görmədik ki, qlobal səviyyədə təbliğatımıza nəsə töhfə versin! Ancaq ordunu, dövləti gözdən salmaq, insanlar arasında çaxnaşma yaratmaq, özlərini canıyanan kimi göstərməklə gözümüzü qabar edir bunlar! Və ən maraqlısı da odur ki, bu cür ünsürlərə TV kanallarımız da efirdə həvəslə yer verir!

Bizə görə, bu millətin kasıbı da, varlısı da Vətən torpaqlarını işğaldan qorumağa borcludur. Əlbəttə, bilirik, bəzən varlı balaları öz uşaqlarını arvad kimi tuman altında gizlədirlər. Müxtəlif adlar altında. Lakin bu o demək deyil ki, onlar şərəfsizdir deyə biz kasıblar da eyni dərəcədə Vətənin müdafiəsindən yayınmalıyıq!

Evin tək oğluna gəlincə, bu manipulyasiya vasitəsindən də imtina etmək lazımdır. Axı indi əksər ailələrdə yalnız bir oğul var! Bizim uşaqlığımızda ailələrdə bir dəstə oğlan uşağı olurdu. Elə şəxsən mənim ailəmdə 6 qardaş olmuşuq. Dədəlidə ən pis halda ailələrdə 3 oğul olurdu bir zamanlar. Hətta 7-8 oğlu olan ailələr də vardı. Amma indi cəmi 1 oğul var hər ailədə. 1 qız və 1 oğul. İndi nə edək? Necə edək ki, çox oğlu olan ailələrdən əsgər seçək? O cür ailələrin sayı çox deyil axı. Bunu bilə-bilə ictimai rəyin başına ip salıb sürüyənlər də elə Azərbaycanı sərhəd ötəsi əməliyyatda ittiham edənlərlə eyni yuvanın quşlarıdır!

Artıq-əskik danışanlara diqqət

İndi biz elə bir mərhələdəyik ki, artıq hətta diqqətsizlikdən belə artıq-əskik söz demək, yazmaq, paylaşmaq olmaz! Əgər kiminsə nədənsə başı çıxmırsa, başını başlara qoşmamalıdır! Bu qədər sadədir məsələ! Kimsə ümumi milli maraqlarımızla tərs düşən davranışlar sərgiləyir, yazı-pozu tirajlayırsa, bunun adı artıq başqadır və o adamlarla da dövlətin uyğun qurumları ciddi-ciddi məşğul olmalıdır.

Sözardı: Mənim bir sinif yoldaşım var, adı Səməndərdir. Sosial mediadan istifadə edir. Amma çox nadir hallarda nəyisə bəyənər, paylaşar. Bir dəfə səbəbini soruşdum. Dedi ki, mən adi bir sürücüyəm. Siyasətdən dərin anlamıram. Birdən nəyisə bəyənərəm, paylaşaram, sonra da bəlli olar ki, dövlətimizə qarşı bir paylaşımdır. Başım çıxmayan bir paylaşıma – yazıya münasibət bildirməyi düzgün saymıram. Bax, məsələ bu qədər sadə və asandır. Amma baxırıq ki, sosial mediada qanmadığı mətləblərə belə münasibət bildirənlər hər addımda əl-ayağa dolaşır…

Mission News Theme by Compete Themes.