Press "Enter" to skip to content

Batut gimnastikası dünya çempionatı davam edir

Batut üzrə dünya çempionatı

Son yeniləmə: 19 Noyabr 2021 15:14

Bayraqdar.info – Noyabrın 18-də Bakıda batut gimnastikası üzrə dünya çempionatının təntənəli açılış mərasimi keçirilib.

Bu barədə xəbər bayraqdar.info-ya Gənclər və İdman Nazirliyindən daxil olub.

“Əvvəlcə iştirakçı ölkələrin paradı olub. Sonra idmançı, məşqçi və hakim heyətinin ədalət prinsiplərinə sadiq qalacaqlarına dair andiçmə mərasimi olub. İdmançıları Azərbaycan təmsilçisi Mixail Malkin təmsil edib.

“Açılış mərasimində gənclər və idman naziri Fərid Qayıbov bildirib ki, Azərbaycan batut gimnastikası üzrə dünya çempionatına ilk dəfə ev sahibliyi etsə də, bu, gimnastika üzrə Bakıda keçirilən dördüncü dünya birinciliyidir.

“Əziz idmançılar, bu yarış meydanı növbəti dörd gün ərzində sizin ixtiyarınızdadır. Buraya toplaşmış hər kəs – məşqçilər, hakimlər, Beynəlxalq Gimnastika Federasiyasının (FIG) rəsmiləri, Texniki Komitəsinin üzvləri sizin möhtəşəm çıxışlarınızı dəyərləndirməyə hazırdır”,  – deyə nazir qeyd edib.

“FIG-nin prezidenti Morinari Vatanabe Bakıda keçirilən batut gimnastikası üzrə 35-ci dünya çempionatında yeni ən yaxşı idmançıların yüksəlişini izləyəcəklərini vurğulayıb: “Yarışı ərsəyə gətirmək üçün zəhmət çəkdiklərinə, bu böyük tədbir üçün bizə mükəmməl şərait yaratdıqlarına görə Azərbaycan Gimnastika Federasiyasındakı dostlarımıza təşəkkür etmək istəyirəm.

Kanadadan Karen Kokbörn və Fransadan Devid Martin bu yarışın batut gimnastikası üzrə səfirləridirlər. Bütün yarış iştirakçılarına uğurlar arzulayıram və batut gimnastikası üzrə 35-ci dünya çempionatını açıq elan edirəm”, – deyə o bildirib.

Sonra Azərbaycan Respublikasının Dövlət Himni səsləndirilib.

Açılış mərasiminə bədii hissə ilə yekun vurulub.

Xəbərdə qeyd edilir ki, noyabrın 21-dək davam edəcək dünya çempionatında 33 ölkədən 300-dək gimnast iştirak edir. Çempionatda gimnastlar batut üzərində fərdi və sinxron tullanışlar, tamblinq və ikili minibatut üzrə proqramlarda çıxış edəcəklər. Bundan əlavə, komanda çoxnövçülüyü, eləcə də hər proqram üzrə komanda hesabında qaliblər müəyyənləşəcək.

Mission News Theme by Compete Themes.