Son yeniləmə: 19 Noyabr 2021 12:58
Bayraqdar.info – Noyabrın 21-də saat 19:00-da Azərbaycan Dövlət Akademik Musiqili Teatrında Xalq artisti Faiq Sücəddinov və yazıçı-dramaturq Tamara Vəliyevanın “Mən dəyərəm min cavana” iki hissəli musiqili komediyası 75-ci dəfə nümayış olunacaq.
Məlumat bayraqdar.info-ya noyabrın 19-da Teatrın Mətbuat Xidmətindən verilib.
“Yaranma tarixçəsi qəribə olan bu tamaşa illər öncə görkəmli teatr və kino aktyoru, “Şöhrət” ordenlı Xalq artisti Hacıbaba Bağırovun sağlığında onun 75 illik yubileyi münasibətilə hazırlanırdı. Lakin tamaşanın premyerasından 1 il öncə – 2006-cı ildə böyük sənətkarın 74 yaşında qəfil dünyasını dəyişməsi bütün planları dəyişdi. 2007-ci ildə “Mən dəyərəm min cavana” onu sevənlərə bir təskinlik kimi təqdim olundu.
“Gözlənilməz və maraqlı situasiyalarla zəngin səhnə əsərinin ilk nümayişindən 14 il keçməsinə baxmayaraq, yenə də öz aktuallığını itirməyib və çox böyük maraqla baxılır.
“Tamaşanın bu dəfəki nümayişində rolları Xalq artisti, “Şöhrət” ordenli İlham Namiq Kamal, Əməkdar artistlər – Ələkbər Əliyev, Əkbər Əlizadə, Nərgiz Kərimova, Səidə Şərifəliyeva, aktyorlar – Elxan İsmayılov, Ülviyyə Əliyeva, Gülçöhrə Abdullayeva, Səmədzadə Xasiyev, Rəsmiyyə Nurməmmədova, Ruslan Mürsəlov, Türkel Tariqpeyma ifa edəcəklər”, – deyə məlumatda maraqlı tarixçədən söz açılır.