Bayraqdar.info – Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Məşğulluq Agentliyinə müraciət edən müəssisələri Qiymətləndirmə Komissiyasının növbəti iclası keçirilib.
Bu barədə bayraqdar.info-ya noyabrın 18-də Dövlət Məşğulluq Agentliyindən məlumat verilib.
Bildirlib ki, iclas dövlət-özəl əməkdaşlığı çərçivəsində peşə hazırlığı kurslarının təşkili məqsədi ilə keçirilib: “İclasda Dövlət Məşğulluq Agentliyinin, Sosial Dəstək Mərkəzinin, Kiçik və Orta Biznesin İnkişafı Agentliyi (KOBİA), Təhsildə Keyfiyyət Təminatı Agentliyinin və Sahibkarlar Təşkilatları Mili Konfederasiyasının nümayəndələri iştirak edib.
Peşə hazırlığının təşkili üçün müraciət edən 8 yeni müəssisənin (“Vision Academy”, “Zəfəroğlu Tədris Mərkəzi”, “Start İT”, “Handex”, “Deutsches Bildungszentrum – Alman Təhsil Mərkəzi”, “HR Option”, “Dadashsoy Group”, “Baku City Academy” MMC) müraciətlərinə baxılıb. Eyni zamanda, Komissiya üzvlərinə müəssisələrdə tədris olunacaq peşə və ixtisaslar, eləcə də peşə hazırlığının təşkili üçün müəyyən olunmuş inzibati-bina, maddi-texniki baza, pedaqoji heyət, təlim-tədris prosesi və işaxtaran və işsiz şəxslərin məşğulluq imkanlarının genişləndirilməsi haqqında məlumat verilib”.
Vurğulanıb ki, iclasda Qiymətləndirmə Komissiyasının tərəfindən qeyd olunan müəssisələrlə qarşılıqlı əməkdaşlığın qurulması məqsədəuyğun hesab edilib.