Son yeniləmə: 18 Noyabr 2021 00:07
Bayraqdar.info – Ermənistanın son təxribatları qardaş Türkiyədə də böyük qəzəb və etirazla qarşılanıb. Müxtəlif partiya və təşkilatların təmsilçiləri, millət vəkilləri və ziyalılar bununla bağlı çıxışlarında işğalçı Ermənistanı kəskin şəkildə qınayıblar.
Öz növbəsində Milliyətçi Hərəkat Partiyasının Mersin millət vəkili Olcay Kılavuz da noyabrın 17-də Türkiyə Böyük Millət Məclisindəki çıxışında son hadisələrə münasibət bildirib.
Çıxışında “Ermənistanın Laçın və Kəlbəcərdə can Azərbaycanımıza qarşı həyata keçirdiyi hərbi təxribatlar zamanı şəhid olan Azərbaycan türkü qardaşlarımıza, qəhrəman əsgərlərimizə Allahdan rəhmət diləyir, ruhları qarşısında baş əyirəm. Yaralanan əsgərlərimizə şəfa diləyirəm” deyən Olcay Kılavuz şəhidlərin ailələrinin kədərinə şərik olduğunu bəyan edib.
İşğalçı Ermənistanın beynəlxalq hüququ heçə sayan bu hücumunu şiddətlə və nifrətlə lənətlədiyini deyən millət vəkili daha sonra bildirib: “İmperializmin tətikçisi PKK-nın müttəfiqi, “Hınçak”, “Daşnaksütyun” və “ASALA”nın əbədi mirasçısı Ermənistan terror dövləti yaxşı bilməlidir ki, Qarabağ türkdür, Qarabağ türkündür, Qarabağ Azərbaycandır!”