Bayraqdar.info – Noyabrın 18-də Müdafiə naziri general-polkovnik Zakir Həsənov Serbiya Respublikasının Azərbaycanda yeni təyin olunmuş səfiri Draqan Vladisavljeviç ilə görüşüb.
Xəbəri noyabrın 18-də Müdafiə Nazirliyi yayıb.
“Səfiri ölkədəki diplomatik fəaliyyətə başlaması münasibətilə təbrik edən nazir ona Azərbaycan ilə Serbiya arasında hərbi əməkdaşlığın genişləndirilməsi istiqamətindəki işlərində uğurlar arzulayıb.
“Görüşdə ölkələr arasında münasibətlərin inkişafında dövlət başçılarının xüsusi rolu vurğulanaraq bir çox istiqamətlərdə olduğu kimi, hərbi sahədə də əlaqələrin uğurla davam etdirildiyi bildirilib.
“Ölkədə səfir kimi fəaliyyətə başlamasından məmnunluğunu ifadə edən diplomat Azərbaycan-Serbiya əlaqələrinin, xüsusilə hərbi sahədə əməkdaşlığın inkişafı üçün səylərini əsirgəməyəcəyini qeyd edib. Səfir Vətən müharibəsində Azərbaycan Ordusunun həyata keçirdiyi uğurlu hərbi əməliyyatlarla bağlı qarşılıqlı təcrübə mübadiləsinin aparılmasını təklif edib.
“Tərəflər ölkələr arasındakı münasibətlər, bölgədəki hərbi-siyasi vəziyyət, eləcə də ikitərəfli hərbi əməkdaşlığın perspektivləri barədə fikir mübadiləsi aparıblar”, – deyə xəbərdə bildirilir.