Press "Enter" to skip to content

Məmməd Əhmədzadə: Ermənistan yenə də müharibə yolunu seçib

Son yeniləmə: 18 Noyabr 2021 15:17

Bayraqdar.info – Azərbaycanın davamlı sülh çağırışlarına baxmayaraq, Ermənistan yenə də dialoq və sülh yolunu deyil, müharibə yolunu seçib. Ermənistanın son günlər törətdiyi məqsədyönlü təxribatlar bu ölkənin rəhbərliyinin növbəti hərbi avantürasıdır.

Bunu İtaliyanın nüfuzlu “il Giornale” qəzetinə məqaləsində Azərbaycanın İtaliyadakı səfiri Məmməd Əhmədzadə qeyd edib.

Ölkəmizin İtalyadakı səfirliyindən bayraqdar.info-ya noyabrın 18-də verilən məlumata görə, “Azərbaycan Ermənistanın imtina etdiyi sülhün təmin olunması üçün çalışır” sərlövhəli məqalədə səfir son künlər baş verənlərə toxunub.

Diplomatın məqaləsində qeyd olunur: “Azərbaycan son aylarda dəfələrlə Ermənistanla dövlətlərarası münasibətləri, o cümlədən bütün regionda davamlı sülh, inkişaf və tərəqqini təmin edəcək sülh sazişinin imzalanması yolu ilə normallaşdırmağa hazır olduğunu bildirib. Çünki mənim ölkəm beynəlxalq səviyyədə tanınmış sərhədlər daxilində suverenliyin və ərazi bütövlüyünün qarşılıqlı tanınmasına və hörmətə əsaslanan iki ölkə arasında münasibətlərin normallaşmasına alternativ olmadığına əmindir. Bu normallaşmanın məqsədi Azərbaycan və Ermənistan arasında barışıq və dinc yanaşı yaşamaqdır”.

Ermənistanın son təxribatlarına gəlincə səfir vurğulayıb: “Bu təxribatlar Ermənistanın keçmiş müdafiə nazirinin Rusiya sülhməramlılarının müvəqqəti yerləşdiyi Azərbaycan ərazilərinə qanunsuz səfəri və burada hərbi təyinatlı müşavirələr keçirməsi ilə başlamış, ardınca Ermənistan silahlı qüvvələrinin 60-a yaxın şəxsi heyət üzvü Laçın rayonunda Azərbaycan Ordusunun mövqelərinə aparan yol üzərində cəmləşmiş, habelə Kəlbəcər və Laçın rayonundakı Azərbaycan Ordusunun mövqeləri Ermənistan silahlı qüvvələri tərəfindən intensiv atəşə tutulmuşdur. Noyabrın 16-da dövlət sərhədində Ermənistanın silahlı təxribatlarını dəf edərkən Azərbaycanın 7 hərbçisi qəhrəmancasına şəhid olmuş, 10-u yaralanmışdır”.

Diplomat bildirir ki, bütün bunlar Ermənistan tərəfinin qəsdən vəziyyəti gərginləşdirdiyini və regionda sülhün və təhlükəsizliyin təmin edilməsində, o cümlədən Azərbaycanla sərhədlərin delimitasiyasında maraqlı olmadığını göstərir. Habelə sərhəddəki vəziyyət Ermənistanın təhlükəli revanşist ideyalarının və Azərbaycana qarşı ərazi iddialarının nəticəsidir.

İstər müharibədən öncəki vəziyyətin, istərəsə də son proseslərin geniş və əhatəli şəkildə təhlil olunduğu məqalə bu fikirlərlə tamamlanır: “Dünya birliyi Ermənistanın Azərbaycana qarşı revanşizm zəminində hərbi təxribatlarını davam etdirməsini pisləməli, bu ölkəni regionda vəziyyəti gərginləşdirməməyə, üçtərəfli bəyanatın icrasına mane olmamağa və qonşuları ilə problemlərini dialoq yolu ilə həll etməyə çağırmalıdır”.

Qeyd edək ki, Azərbaycan səfirinin “il Giornale” qəzetindəki məqaləsi “MSN”, “Agenzia Nova” kimi kütləvi infromasiya vasitələrinin də marağına səbəb olub və onlar tərəfindən də dərc olunub.
Məqalə ilə aşağıdakı keçidlərlə tanış olmaq mümkündür:

https://www.ilgiornale.it/news/mondo/l-azerbaigian-lavora-garantire-pace-che-l-armenia-rifiuta-1989874.html

https://www.msn.com/it-it/notizie/mondo/l-azerbaigian-lavora-per-garantire-una-pace-che-l-armenia-rifiuta/ar-AAQP2cN

https://www.agenzianova.com/a/61954458b7c761.17380197/3684222/2021-11-17/azerbaigian-armenia-ambasciatore-ahmadzada-lavoriamo-per-una-pace-che-erevan-rifiuta/linked

Mission News Theme by Compete Themes.