Press "Enter" to skip to content

Kənd təsərrüfatı məhsullarının satışına güzəştlər

Son yeniləmə: 18 Noyabr 2021 08:27

Bayraqdar.info – Vergi Məcəlləsinə təklif edilən dəyişikliklər paketi bır çox sahələri əhatə edir.

Bu barədə bayraqdar.info-ya İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidmətindən bildirilib.

Qeyd edək ki, Dövlət Vergi Xidməti təklif olunan bəzi əsas dəyişikliklər və onların əsaslandırılmasını hissə-hissə ictimaiyyətin diqqətinə təqdim edir. Verilən məlumata əsasən, “növbəti dəyişikliklərdən biri kənd təsərrüfatı məhsullarının maya dəyərinə təsir edən xərc elementlərinin azaldılmasına və beləliklə də daxili bazarda qiymətlərin enməsi üçün iqtisadi zəminin yaradılmasına yönəlmiş dəyişikliklərdir. Layihəyə əsasən, 2022-ci ilin 1 yanvar tarixindən 2 il müddətində kənd təsərrüfatı məhsullarının topdan və pərakəndə satışı zamanı ƏDV-nin ticarət əlavəsindən hesablanması, habelə kənd təsərrüfatı texnikalarının operativ lizinqə verilməsi və kənd təsərrüfatı məhsullarının istehsalı ilə bağlı aqrotexniki xidmətlərin ƏDV-dən azad edilməsi təklif olunur”.

Bildirilir ki, bu istiqamətdə birinci dəyişiklik- kənd təsərrüfatı məhsullarının bütün satış zənciri üzrə ƏDV-nin həmin məhsulların tam dəyərindən deyil, tətbiq edilən ticarət əlavəsindən hesablanmasıdır: “Mövcud vəziyyətdə istehsalçıdan alınan kənd təsərrüfatı malları ƏDV-dən azad olunan əməliyyatla alındığı üçün həmin malların sonrakı satışı 18 faiz dərəcə ilə ƏDV-yə cəlb edilirdi. Təklif olunan dəyişiklik nəticəsində ƏDV bu malların ticarət əlavəsindən hesablanacağı üçün ölkədə istehsal edilən kənd təsərrüfatı məhsullarının qiymətlərinin enməsi üçün zəmin yaranacaq.

Bu istiqamətdə ikinci dəyişiklik -kənd təsərrüfatı məhsullarının istehsal üzrə ƏDV-li xərc elementlərinin ƏDV-dən azad olunması (kənd təsərrüfatı məhsullarının istehsalçılarına göstərilən aqrotexniki xidmətlərin və onlara kənd təsərrüfatı texnikasının icarəyə (lizinqə) verilməsinin ƏDV-dən azad edilməsi) istehsal olunan kənd təsərrüfatı məhsullarının maya dəyərinin aşağı düşməsi ilə nəticələnəcəkdir ki, bu da qiymətlərin azalmasına təsir edəcək”.

Mission News Theme by Compete Themes.