Son yeniləmə: 18 Noyabr 2021 09:31
Bayraqdar.info – Əlahiddə Ümumqoşun Ordunun hava hücumundan müdafiə bölmələrində keçirilən kompleks məşqə hava hücumundan müdafiə bölmələrinin 1 nömrəli hazırlığa gətirilərək atəş və başlanğıc mövqelərini tutması ilə başlanılıb.
Bu barədə bayraqdar.info-ya Müdafiə Nazirliyindən məlumat verilib.
“Şəxsi heyətin real döyüş şəraitində düşmənin hava hücum vasitələrinə qarşı peşəkarlıqla mübarizə aparmaq vərdişlərini təkmilləşdirmək üçün kompleks məşqə Ordu aviasiyası da cəlb edilib.
“Plana əsasən zenit-raket, radiotexniki və quru qoşunlarının hava hücumundan müdafiə bölmələri ilə qarşılıqlı əlaqədə hava düşməninin zərbələrinin dəf edilməsi məşq etdirilib.
“Səyyar zenit-raket komplekslərinin və zenit-artilleriya bölmələrinin heyətləri çətin hava şəraitində müxtəlif hündürlük diapazonunda fəaliyyət göstərən şərti düşmənin hava hücumu vasitələrinin hücumunun qarşısının alınması tapşırıqlarını yerinə yetiriblər. Həmçinin, hava hücumundan müdafiə bölmələrinin mövqeyinə soxulmağa cəhd edən şərti düşmənin yerüstü hədəflərinin məhv edilməsi məşqləri aparılıb.
“Aviasiya vasitələrinə qarşı döyüş işi üzrə təlimatın və atəş qaydalarının tələblərinə uyğun fəaliyyətlərin icra olunduğu kompleks məşqin sonunda döyüş heyətlərinin iş keyfiyyəti, manevretmə qabiliyyəti və uzlaşma səviyyəsi təhlil olunaraq qiymətləndirilib”, – deyə xəbərdə bildirlir.