Bayraqdar.info – ABŞ-ın NewsBlaze qəzetində noyabrın 16-da Nurit Grincer (Greenger) adlı yazarın Azərbaycanla bağlı daha bir yazısı 30 ilə yaxın işğal dövründə Ermənistanın törətdiyi əməllərə işıq tutur.
“Ermənistanın Azərbaycan torpaqlarında infrastrukturu və mədəni abidələri dağıtmasının 30 ili” adlı yazıda müəllif Qarabağın Ermənistanın işğalı altında olduğu dövrdə işğalçılar tərəfindən dağıdıldığına diqqət çəkir. O, bu dağıdıcılığı 20-ci yüzilin sonu, 21-ci yüzilin başlanğıcının ən sərt dağıdıcılığı kimi diqqətə çatdırır.
N.Grincer əlavə edir ki, işğalçı Ermənistanın bu dağıdıcılığı Azərbaycanı daha qətiyyətli olmağa sövq edib.
Müəllif daha sonra yazır: “Mən bir yəhudiyəm. Mən bir həqiqət söyləyənəm. Haqsızlığa və bənzər hallara nifrət edirəm. Dərin kök salmış düşmənlik səbəbindən törədilən dağıdıcılığı görən gözüm yoxdur”.
Bunun ardınca N.Grincer İsrailin paytaxtı Yerusəlimlə Azərbaycanın Qarabağ bölgəsinin taleyi arasında müqayisə aparır.
Müəllif xatırladır ki, 1948-ci ilin 14 mayından – İsrailin müstəqilliyi elan edildikdən sonra ərəb ölkələri eyni qaydada Yerusəlimi işğal edib altını üstünə çevirmişdilər. O, İordaniya işğalçı güclərinin yəhudiləri şəhərdən qovmasına, yəhudi dini məbədlərinin məhv edilməsinə diqqət çəkərək bugünkü Qarabağ olayları ilə müqayisə aparır. Müəllif onu da vurğulayır ki, işğalçı ərəblər Yerusəlimin 35 ayrı sinaqoqunu toyuq hini və tövləyə çevirmişdilər. Özü də işğaldan sonrakı düz 19 il ərzində bu hal davam etmişdi. “İordaniyalıların insanların dininə sayğısızlığı anlaşılan deyil”, – deyə müəllif yazır.
Bunun ardınca N.Grincer yenidən Azərbaycanın müasir tarixinə ekskurs edir. O, 1991-ci ildə müstəqilliyini elan etmiş Azərbaycanın Ermənistan və Rusiya tərəfindən dəstəklənən bölücü erməniləra qarşı mübarizəsini xatırladır. Müəllif onu da ayrıca vurğulayır ki, ermənilərin iddia etdiyi Dağlıq Qarabağ Azərbaycanın ayrılmaz tərkib hissəsidir.
Yazıda 1994-cü ilə kimi Ermənistanın Azərbaycan torpaqlarını işğal etməsi, 800 minədək insanın bu torpaqlardan didərgin salınması xatırladılır.
Bundan sonra müəllif Şuşanın azad edilməsi əməliyyatını geniş təsvir edir. Ardınca da Ağdamın başına gələnləri oxuculara təqdim edir. Eyni zamanda Füzulinin də Ermənistanın işğalından nələr çəkdiyi yazıda yer alır.
N.Grincer bunun ardınca yenidən İsrail tarixinə qısa ekskurs edərək 1967-ci ilin 6 günlük savaşı nəticəsində Yerusəlimin işğaldan azad edilməsini xatırladır. Müəllif şəhərin işğal altında qalmış hissəsinin yerlə yeksan edildiyini, müqəddəs məkanların təhqir olunduğunu acı-acı izah edir.
Sonda müəllif yenidən Azərbaycanın başına gətirilənlərə qayıdaraq Ermənistana nəhayət ki, inadkarlığından əl çəkib dayanıqlı sülhə gəlməyin yeganə çıxış yolu olduğunu xatırladır.
Əlavə edək ki, yazıda Ermənistanın işğalı nəticəsində dağıdılmış şəhərlərdən ürək ağrıdan görüntülərə də yer verilib.