Bayraqdar.info – Tanınmış violin ifaçısı, dirijor, əslən Bakıdan olan Dmitri Sitkovetski Ü.Hacıbəyli adına Bakı Musiqi Akademiyasının 100 illiyi münasibətilə Bakıya gəlib. Noyabrın 17-də D.Sitkovetski mədəniyyət naziri Anar Kərimovla görüşüb.
Xəbər bayraqdar.info-ya noyabrın 18-də Mədəniyyət Nazirliyindən verilib.
Görüşdə, Ü.Hacıbəyli adına Bakı Musiqi Akademiyasının rektoru, professor, Xalq artisti Fərhad Bədəlbəyli və Mədəniyyət Nazirliyinin İncəsənət və qeyri-maddi mədəni irs şöbəsinin müdiri Fərəh Acalova da iştirak ediblər.
A.Kərimov dirijoru Bakıda görməyindən məmnunluğunu ifadə edib. Həmçinin yaradıcılığını yaxından izlədiyini vurğulayıb.
Dəvət üçün nazirə təşəkkürünü ifadə edən D.Sitkovetski Azərbaycana hər səfərinin dərin və xoş təəssüratlarla yaddaşına həkk olunduğunu, hər dəfə yeniliklərə, inkişafa şahidlik etdiyini bildirib.
“Əslən bakılı musiqiçilər dünya şöhrətli pianoçu Bella Davidoviçin və violin ifaçısı Yulian Sitkovetskinin ailəsində Bakı şəhərində dünyaya gələn sənətkar qəlbən özünü hər zaman bakılı hesab etdiyini bildirib. Həmçinin ölkəmizdə klassik musiqi ənənəsini dirçəltməyin, dünya şöhrətli ifaçıların iştirakı ilə müxtəlif rəngarəng festivalların keçirilməsinin əhəmiyyətindən danışıb. O, bundan sonra da sözügedən ənənələri yaşatmaq üçün öz üzərini düşən öhdəlikləri qürurla yerinə yetirmək üçün əlindən gələni əsirgəməyəcəyini bildirib.
“Xatırladaq ki, 18-19 noyabr tarixində musiqiçinin iştirakilə Ü.Hacıbəyli adına Bakı Musiqi Akademiyasının 100 illiyi münasibətilə keçirilən tədbirlər çərçivəsində ustad dərsi və çıxışı baş tutacaq”, – deyə xəbərdə bildirilir.