Son yeniləmə: 18 Noyabr 2021 17:42
Bayraqdar.info – Bu cür görüşlər dövlət qurumları ilə ictimaiyyət arasında açıq dialoqa xidmət edir. Bunu Alman-Azərbaycan Xarici Ticarət Palatasının (AHK) icraçı direktoru Tobias Bauman deyib.
Qeyd edək ki, İqtisadiyyat Nazirliyi yanında Antiinhisar və İstehlak bazarına Nəzarət Dövlət Xidmətinin nümayəndələri və AHK üzvləri arasında görüş keçirilib. Bu barədə Dövlət Xidmətindən bayraqdar.info-ya noyabrın 18-də məlumat verilib.
Qeyd edilib ki, Dövlət Xidmətinin rəis müavini Məmməd Abbasbəyli görüşdə AHK “Azərbaycanda antiinhisar nəzarəti və rəqabət mühiti: Gələcəyə baxış” mövzusunda çıxış edib. M.Abbasbəyli təmsil etdiyi qurumun fəaliyyətinin təkmilləşdirilməsi məqsədilə antiinhisar nəzarəti və rəqabət sahələrində davamlı institusional islahatların aparıldığını qeyd edib.
O, biznes mühitinin daha da yaxşılaşdırılması məqsədilə rəqabətin təşviqi üçün yeni alətlərdən istifadə edildiyini, maarifləndirmə və məlumatlandırma yolu ilə bazarın maraqlı tərəfləri dövlət-özəl sektor tərəfdaşlığına dəvət olunduğunu diqqətə çatdırıb.
Eyni zamanda rəqabətə zidd davranışların qarşısının alınmasına dair nəzarət mexanizmlərinin təkmilləşdirilməsi haqqında da danışılıb. Xidmətin rəis müavini qısa müddət ərzində Rəqabət Məcəlləsinin hökumətə təqdim olunacağı barədə məlumat verib. Bununla yanaşı dövlət satınalmalarında səmərəlilik və şəffaflığı təmin edən “Dövlət satınalmaları haqqında” yeni Qanunun layihəsinin hazırlanaraq müvafiq dövlət orqanlarına təqdim olunduğunu bildirib.
Rəis müavini təbii inhisarların fəaliyyətinə nəzarət, keyfiyyət və rəqabət qabiliyyətinin artırılması, istehlak bazarına nəzarət sahəsinin təkmilləşdirilməsi istiqamətində görüləcək işlər barədə məlumat verib. Dövlət Xidmətinin rəqamsallaşmaya üstünlük verməsinin insan faktorunun azalmasına və obyektivliyin artırılmasına xidmət etdiyi vurğulanıb.
Bildirilib ki, bazar subyektlərinin səmərəli və maneəsiz fəaliyyətini ehtiva edən ədalətli vəazad rəqabət mühitinin qorunması, istehlakçı məmnunluğunun təmin edilməsi və milli iqtisadiyyatdarəqabətqabiliyyətliliyinin yüksəldilməsi Dövlət Xidmətinin strateji hədəfləri kimi müəyyən olunub.
Tədbirdə qarşılıqlı maraq doğuran məsələlər ətrafında fikir mübadiləsi aparılıb, Dövlət Xidmətinin nümayəndələri tədbir iştirakçılarının suallarını cavablandırıblar.