Bayraqdar.info – Noyabrın 18-də Milli Gimnastika Arenasında Batut Gimnastikası üzrə dünya çempionatı başlayıb. 4 gün davam edəcək yarışın açılışı saat 09:45-də baş tutub.
Xəbər bayraqdar.info -ya Milli Gimnastika Federasiyasından verilib.
Mundialda batutçulara tamblinq və ikili mini-batut təmsilçiləri də qoşulacaq. Batutçular bu yarışda sinxron proqramda da qüvvələrini sınayacaq. 35-ci dünya çempionatında Azərbaycanı tamblinqçi Mixail Malkin təmsil edəcək.
Yarışda 33 ölkədən 266 gimnast 51 medal uğrunda mübarizə aparacaq. Onlardan 160-ı batut, 63-ü tamblinq, 43-ü isə ikili mini-batut yarışlarında çıxış edəcək.
“Çempionatın əsas favoritləri sırasında kişilərin yarışında hazırkı olimpiya çempionu İvan Litvinoviç (Belarus) və olimpiadanın bürünc medalçısı Dilan Şmidtin (Yeni Zelandiya) adlarını çəkmək olar. Bundan başqa, yarışda dünya çempionatının gümüş və bürünc mükafatçıları Dmitri Uşakov və Mixail Melnik (hər ikisi Rusiya), dünya çempionatının gümüş medalçısı Morante Allen (Fransa) çıxış edəcəklər.
“Qadınların fərdi çıxışlarında isə əsas favorit son olimpiadanın bürünc medalçısı Brioni Peyc (Böyük Britaniya) sayılır. Yarışa 2017-ci ildə dünya çempionu olmuş 40 yaşlı Katrina Petreniya (Belarus) da qatılacaq”, – deyə xəbərdə bildirilir.