Son yeniləmə: 17 Noyabr 2021 16:19
Bayraqdar.info – “Büdcədə xalqın rifahının yaxşılaşdırılması və sosial müdafiəsinin təmin edilməsi üçün 2022-ci ilin yanvarın 1-dən əmək haqlarının və əmək pensiyalarının, sosial müavinətlərin, təqaüdlərin və digər sosial ödənişlərin artırılması əsas məsələlərdəndir.” Bu sözləri noyabrın 16-da Milli Məclisin plenar iclasında iştirak edən maliyyə naziri Samir Şərifov bildirib.
Bayraqdar.info MM-in Mətbuat və ictimaiyyətlə əlaqələr şöbəsinə istinadla xəbər verir ki, noyabrın 16-da MM-də növbəti plenar iclas keçirilib. İclası MM sədri Sahibə Qafarova aparıb. Plenar iclasda Baş nazir Əli Əsədovun rəhbərliyi ilə hökumət üzvləri iştirak edib.
İclasda MM sədri Sahibə Qafarova noyabrın 12-də İstanbulda keçirilən Türk Keneşinin VIII Zirvə görüşündən söz açıb. Qeyd edib ki, Zirvə görüşündə türkdilli dövlətlər arasında inteqrasiya proseslərinin daha da dərinləşməsinə yönələn bir sıra vacib qərarlar qəbul edilib.
Sonra plenar iclasda 24 məsələdən ibarət gündəlik təsdiqlənib. Spiker məlumat verib ki, birinci oxunuşda parlamentə təqdim olunmuş 24 məsələdən 22-si gələn ilin dövlət büdcəsi və büdcə zərfinə daxil olan qanun layihələridir.
“Spiker bildirib ki, gələn il büdcə xərcləri ilk dəfə olaraq 30 milyard manata yaxınlaşacaq ki, bu da cari illə müqayisədə 1 milyard 336 milyon manat artıq vəsait deməkdir.
“Hesablama Palatası da büdcə zərfi barəsində müsbət rəyini bildirib.
“Sonra iclasda İqtisadi siyasət, sənaye və sahibkarlıq komitəsinin sədri Tahir Mirkişili çıxış edərək 2022-ci il dövlət büdcəsi haqqında qanun layihəsinin və büdcə zərfinə daxil olan digər qanun layihələrinin, həmçinin bu layihələrə dair Hesablama Palatasının rəyinin hazırlanaraq MM-ə təqdim olunduğunu diqqətə çatdırıb.
“Komitə sədri T. Mirkişili bildirib ki, 26,8 milyard manat gəlir və 29,9 milyard manat xərc ilə təqdim olunmuş dövlət büdcəsinin layihəsi ölkəmizin cari və strateji inkişaf hədəflərinə, iqtisadi siyasətinə və qarşıda duran çağırışları dəf etməyə xidmət etmək iqtidarında olacaq.
“Sonra iclasda maliyyə naziri Samir Şərifov 2022-ci ilin dövlət və icmal büdcələrinin layihələri və sonrakı 3 il üçün icmal büdcənin əsas göstəriciləri barədə ətraflı məlumat verib.
“Maliyyə naziri bildirib ki, gələn ilin büdcəsinin prioritet xərclərində işğaldan azad olunmuş ərazilərin bərpası və yenidən qurulması ön sırada dayanır”, – deyə xəbərdə bildirilir.
Xəbərdə növbəti ilin büdcə gəlirlərinin Dövlət Vergi Xidməti tərəfindən 8 milyard 820 milyon manat, Gömrük Komitəsinin xətti ilə 4 milyard 260 milyon manat daxilolmalar nəticəsində təmin edilməsi nəzərdə tutulduğu qeyd edilib. “Büdcədənkənar gəlirlər 760 milyon manat, digər daxilolmalar isə 260 milyon manat məbləğində proqnozlaşdırılır. Eyni zamanda, Dövlət Neft Fondundan dövlət büdcəsinə transfer 12 milyard 710 milyon manat məbləğində nəzərdə tutulub. İcmal büdcənin gəlirləri 27 milyard 677 milyon manat, icmal büdcənin xərcləri isə 32 milyard 906 milyon manat məbləğində nəzərdə tutulub.
“İşğaldan azad edilmiş ərazilərdə bərpa və yenidənqurma işlərinin həyata keçirilməsi, Qarabağın və Şərqi Zəngəzurun Azərbaycan iqtisadiyyatına reinteqrasiyası üçün 2,2 milyard manat məbləğində vəsaitin ayrılması təklif olunur”, – deyə maliyyə naziri vurğulayıb.
Geniş müzakirələrin yekununda “Azərbaycan Respublikasının 2022-ci il dövlət büdcəsi haqqında” qanun layihəsi birinci oxunuşda səsə qoyulub və qəbul edilib.