Press "Enter" to skip to content

Uilyam Heyg: Bosniya və Herseqovinada NATO qüvvələri yerləşdirilsin

Son yeniləmə: 17 Noyabr 2021 14:52

Bayraqdar.info – Böyük Britaniyanın keçmiş xarici işlər naziri Uilyam Heyg bu günlərdə maraqlı bir təkliflə çıxış edib. Belə ki, o, Bosniya və Herseqovinadakı təhlükəsizlik böhranına qarşı NATO qüvvələrinin Brçko bölgəsinə yerləşdirilməsini təklif edib.

Bu barədə Balkan News saytı məlumat yayıb.

Məlumatda deyilir ki, U.Heyg “The Times” qəzeti üçün yazdığı məqalədə Bosniya və Herseqovinadakı gərginliyin bütün Avropanı böhrana sürükləyə biləcəyinə diqqət çəkib. Keşmiş nazir Qərbin Balkanlarda sabitliyi pozmağa çalışan Rusiyaya qarşı çıxmasının lazım olduğunu vurğulayıb.

O, bölgənin Avropanın ən qanlı müharibələrinin başlanğıc nöqtəsi olduğuna diqqət çəkərək, tarixin Qərbi Balkanların diqqətdən kənarda qalmamalı olduğunu göstərdiyini qeyd edib. U.Heyq Rusiyanın Monteneqroda çevrilişə cəhd etdiyini, Şimali Makedoniyada referenduma müdaxilə etdiyini, Serbiyanın siyasi və iqtisadi həyatına artan təzyiqlər göstərdiyini iddia edib.

Bosniya və Herseqovina dövlətinin altını oyan serb lideri Milorad Dodikə Rusiya və Serbiya tərəfindən fəal dəstək verildiyini deyən U.Heyg, Rusiyanın Bosniya və Herseqovinanı Ukrayna, Gürcüstan və ya Moldova kimi bir ölkəyə çevirərək NATO-ya üzvlüyünə mane olmağa çalışdığını iddia edib.

M.Dodikin son açıqlamalarını xatırladan keçmiş nazir, Deyton Sülh Müqaviləsinin birbaşa təhdid altında olduğunu və Qərbin hərəkətə keçməsinin vaxtının çatdığını yazıb.

U.Heyg məqaləsində Bosniya və Herseqovinadakı Avropa Birliyinin sülhməramlı qüvvəsi EUFOR-a NATO qüvvələri tərəfindən dəstək verilməli olduğunu yazıb. Bu qoşunların Brçko bölgəsində, həmçinin Tuzla hava limanında yerləşdirilə biləcəyi bildirilib.

“Güc və qətiyyət böyük problemi aradan qaldıra bilər. Qərbin diqqətini itirməsinin nəticəsini Əfqanıstandakı çöküşdə görmək olar. Eyni şeyin Avropa qitəsində baş verməsinə yol vermək olmaz”, – deyə o, vurğulayıb.

Mission News Theme by Compete Themes.