Son yeniləmə: 17 Noyabr 2021 17:20
Bayraqdar.info – Kənd Təsərrüfatı Nazirliyinin müasir texnoloji avadanlıqlarla təchiz edilmiş mikroavtobusları bölgələrdə vətəndaşlara səyyar xidməti davam etdirir. Növbəti aqrar səyyar xidmət Sabirabad rayonunun kəndlərində təşkil olunub. Sabirabadda 860 fermerə səyyar aqrar xidmət gösərilib.
Nazirlikdən bayraqdar.info-ya verilən məlumatda bildirilir ki, fermerlər səyyar xidmət mikroavtobusuna yaxınlaşaraq Elektron Kənd Təsərrüfatı İnformasiya Sistemində öz payızlıq əkinlərini bəyan ediblər. Növbə ilə fermerlərə maska paylanıb, onların müraciətləri təmin edilib.
Nazirlikdən qeyd edilir ki, səyyar xidmətin həyata keçirilməsində əsas məqsəd əkin bəyanlarının vaxtında təqdim olunması üçün fermerlərə köməklik göstərmək, operativliyin, çevikliyin və vətəndaş məmnunluğunun təmin olunmasına nail olmaqdır. Aqrar Xidmətlər Agentliyində əkin bəyanlarının EKTİS-ə daxil edilməsi üzrə 4 səyyar qrup yaradılıb. Səyyar xidmət müasir kompüter avadanlıqları, internet təminatı qurğuları, sürətçıxaran cihazlar, qeydiyyat proseduru üçün lazım olan bütün avadanlıqlarla təchiz edilib.
Bunadək Şəki rayonunun kəndlərində aqrar səyyar xidmət təşkil olunub. Şəkidə Səyyar Qruplar tərəfindən EKTİS-də qeydiyyatdan keçmiş 2 min 100-dən artıq fermerə səyyar aqrar xidmət göstərilib.
Növbəti həftələrdə səyyar qrupların sayı 4-dən 6-ya artırılmaqla Respublikanın digər regionlarında da təşkil olunacaq.