Press "Enter" to skip to content

Qalib “Qızıl Nar” heykəlciyi alacaq

Son yeniləmə: 17 Noyabr 2021 21:27

Bayraqdar.info – 19-23 noyabr tarixlərində paytaxtda 12-ci Bakı Beynəlxalq Qısa Filmlər Festivalı keçiriləcək. Festivalın təntənəli açılış mərasimi noyabrın 19-da Nizami Kino Mərkəzində olacaq.

Bu il festivala 72 ölkədən 3 min 217 qısa film göndərilib. Bunlardan 82 film Yerli müsabiqəyə təqdim edilib.

Məlumat bayraqdar.info-ya Mədəniyyət Nazirliyindən verilib.

“Seçim Komissiyasının qərarına əsasən 18 ölkəni (İspaniya, Böyük Britaniya, İtaliya, Türkiyə, Belçika, İran, Rusiya, Portuqaliya və digərləri) təmsil edən 30 film festivalın beynəlxalq, 26 film isə yerli müsabiqəsində iştirak hüququ qazanıb.

“Beynəlxalq müsabiqədə yarışan filmləri tanınmış publisist Orxan Fikrətoğlu, Avropa Kino Akademiyasının üzvü, Ukrayna Film Akademiyasının həmtəsisçisi, ukraynalı kinoprodüser Yuliya Sinkeviç, AKA üzvü, Paliç Avropa Film Festivalının proqram direktoru, serbiyalı kinoprodüser Miroslav Moqoroviç, türkiyəli rejissor, ssenarist Erdem Tepegöz qiymətləndirəcək.

“Yerli müsabiqənin münsiflər heyətində tərcüməçi, şair Səlim Babullaoğlu, Xalq artisti, aktrisa Mehriban Zəki və kinorejissor Elməddin Alıyev yer alır.

“Bu il festival ilk dəfə olaraq “Azərbaycan kinosunda xidmətlərinə görə” “Qızıl Nar” mükafatını təqdim edəcək. Mükafat hər il xidmətləri ilə seçilən incəsənət xadimlərimizə veriləcək”, – deyə xəbərdə bildirilir.

Bu ilki yeniliklərdən biri festivalın əsas mükafatı olan “Qızıl Nar” heykəlciyinin gənc heykəltəraşlar tərəfindən zövqlə hazırlanmış yeni dizaynda təqdim olunmasıdır. Yerli müsabiqədə “Ən yaxşı bədii film”, “Ən yaxşı sənədli film”, “Ən yaxşı animasiya filmi”, “Ən yaxşı sosial çarx” nominasiyaları üzrə qaliblərə pul mükafatı veriləcək. Yerli müsabiqəsinin ümumi mükafat fondu 5 min manatdır.

Xəbərdə deyilir ki, 12-ci kinoforumun film proqramında bədii yanaşması ilə fərqlənən, maraqlı, təsirli 73 qısa film tamaşaçıların zövqünü oxşamaqla yanaşı, uzun müddət yaddaşlarda qalacaq.

“Festivalın daha bir sürprizi BAFTA namizədlərinin xüsusi nümayişi olacaq. British Council ilə əməkdaşlığın nəticəsində İngiltərə Kino və Televiziya Sənətləri Akademiyası tərəfindən verilən dünyanın ən məşhur mükafatı uğrunda 2020-2021-ci illərdə nominant və qalib olmuş dörd film yerli tamaşaçılara təqdim olunacaq.

““Dili bizim” proqramı Cənubi Azərbaycanda yaşayan azərbaycanlı rejissorların ana dilimizdə çəkdikləri filmlərə işıq tutacaq.

“Festivalda yer alan yerli və xarici qısa filmlər 5 gün müddətində saat 12: 00-dan Nizami Kino Mərkəzində nümayiş olunacaq.

“Qaliblərin mükafatlandırılması mərasimi noyabrın 23-də saat 19: 00-da Nizami Kino Mərkəzində keçiriləcək.

“Kann, Venesiya, Berlin Film Festivallarında, “OSKAR”da mükafat və uğur qazanmış filmləri ölkəyə gətirən Bakı Beynəlxalq Qısa Filmlər Festivalı hazırda Azərbaycanın uzunömürlü film festivalıdır.

“Hər il dünyanın müxtəlif ölkələrindən göndərilən 2 mindən çox film arasından ən maraqlıları seçilərək festivalın proqramına daxil edilir.

“Bakı BQFF ölkədə kinematoqrafın təməllərindən hesab olunan qısa filmlərə marağın artırılmasını, gənc kinematoqrafçıların həvəsləndirilməsi və onlara dəstəyi özündə əks etdirir.

““CINEMA” Gənc Kinematoqrafçılar Mərkəzinin təsis etdiyi festival Azərbaycan Respublikası Mədəniyyət Nazirliyinin təşkilati dəstəyi ilə keçirilir.

“Festivalın dəstəkçiləri sırasında Nizami Kino Mərkəzi, “Azərbaycanfilm” kinostudiyası, Dövlət Film Fondu, Azərbaycan Prodüserlər Gildiyası, ÖZ FİLM şirkəti, British Council yer alır.” Xəbərdə belə qeyd edilir.

Mission News Theme by Compete Themes.