Bayraqdar.info – “Nar” texniki heyətinin hazırladığı və həyata keçirdiyi “Mobil rabitənin əsasları” təlimi müvəffəqiyyətlə yekunlaşıb. Azərbaycan Texniki Universitetində (AzTU) keçirilən təlimdə iştirak edən tələbələr sertifikatlarla təltif ediliblər.
Bu barədə bayraqdar.info-ya noyabrın 17-də verilən məlumatda deyilir: “Rabitə texnologiyaları mövzusunda keçirilən təlimdətələbələr mobil şəbəkənin fəaliyyətini “Nar”ın texniki heyətinin real təcrübəsi əsasında öyrəndilər.Tələbələrin mobil rabitə bazarına peşəkar kadr olaraq hazırlanması və məzun olduqdan sonra qısa müddət ərzində uğurlu karyera qurmaları üçün keçirilən təlim “Nar”ın təhsilə dəstək korporativ məsuliyyət strategiyası çərçivəsində təşkil edilir”.
Qeyd edək ki, mobil operator AzTU ilə 2015-ci ildən əməkdaşlıq edir. Bu əməkdaşlıq çərçivəsində “Nar” əməkdaşlarının keçirdiyi təlimlərlə yanaşı universitetin nəzdində “Nar” GSM laboratoriyası da fəaliyyət göstərir. Universitetlə əməkdaşlığın əsas hədəfi yerli telekommunikasiya ixtisası üzrə təhsil alan azərbaycanlı gənclərin nəzəriyyə ilə yanaşı təcrübi biliklərə də yiyələnərək rabitə bazarında əcnəbi həmkarlarından üstün mövqelərə yiyələnməsidir.