Son yeniləmə: 17 Noyabr 2021 19:02
Bayraqdar.info – “Can Azərbaycan tək deyil, tək də olmayacaq. Azərbaycanı tək qoymarıq”.
Türkiyə mediasının məlumatına görə, bunu xarici işlər naziri Mevlüt Çavuşoğlu deyib.
Ankarada Bəhreyn xarici işlər naziri Abdullətif əz-Zeyani ilə görüşdən sonra keçirilən mətbuat konfransında M.Çavuşoğlu Ermənistan-Azərbaycan sərhədində baş verən son hadisələrə də toxunub.
Azərbaycanın Ermənistanın təxribatları nəticəsində başlatdığı əməliyyatla 30 ilə yaxın işğal altında qalan topraqlarını 44 gün ərzində azad etdiyini deyən M.Çavuşoğlu daha sonra bildirib: “Beləliklə, Azərbaycan öz qətiyyətini göstərdi. Bu, türkün gücünü də göstərdi. Can Azərbaycan tək deyil, tək qalmayacaq. Azərbaycanlı qardaş və bacılarımız və Azərbaycan bizi heç vaxt tək qoymayıb. Biz də Azərbaycanı tək qoymayacağıq”.
M.Çavuşoğlu, öz torpaqlarını geri qaytaran Azərbaycanın bu zəfərdən sonra bir tərəfdən 6-lı formatla bölgənin sabitliyi üçün fəaliyyətini davam etdirmək arzusu və təklifini irəli sürdüyünü, digər tərəfdən də bu sahədə mühüm layihələrin həyata keçirilməsi istiqamətində addımlar atdığını bildirib: “Daha önəmlisi, Azərbaycanın Ermənistana təklifidir. Bu nə təklifdir? Azərbaycan hərtərəfli sülh sazişi təklif etdi. Qalib və qüdrətli tərəf qarşı tərəfə deyir ki, “daimi sülh müqaviləsi imzalayaq, daha aramızda münaqişə olmasın”. Qarşı tərəfin, yəni Ermənistanın münasibətinə baxaq. Atəşkəsdən dərhal sonra əsgərlərinin bir qismini Azərbaycan ərazisinə sızdıraraq əsgərlərimizə – onlar bizim də əsgərlərimizdir, Azərbaycan əsgəri bizim də əsgərimizdir. Çünki biz bir millət, iki dövlətik – hücum etdilər. O vaxtdan bəri bir tərəfdən onların qaytarılması (onlara hərbi əsir də deyə bilmərik. Çünki onların etdikləri Azərbaycan ərazisində terror aktıdır) üçün yalvaran Ermənistan, digər tərəfdən sərhəddə eyni təxribatları davam etdirir. Yəni Azərbaycan torpaqlarına, Azərbaycan əsgərlərinə, qardaşlarımıza hücum edir”.
Ermənistanın bu təxribatları davam etdikcə ancaq məğlubiyyətə uğrayacağını deyən nazir bu ölkəyə tövsiyə də verib.
Nazir qeyd edib ki, “Ermənistan bir şeyi qəbul etməlidir. Bunlar Azərbaycanın torpaqları idi, siz onu haqsız yerə işğal etdiniz. Azərbaycan öz torpaqlarını azad etdi, sizin torpaqlarınıza soxulmadı. Siz bunu qəbul edəcəksiniz. Buna hörmət edəcəksiniz. Oturub danışarıq. Biz regionun sabitliyi, sülhü üçün birgə addımlar atacağıq. Ermənistan buna hazırdrsa, biz də hazırıq. Əks təqdirdə Ermənistan ancaq itirən tərəf olacaq”.
#Canlı 📡#Bahreyn Dışişleri Bakanı Abdullatif bin Rashid Alzayani'yle Ortak Basın Toplantısı
📍Ankara https://t.co/R4QbJwoT7a
— Mevlüt Çavuşoğlu (@MevlutCavusoglu) November 17, 2021