Son yeniləmə: 17 Noyabr 2021 17:33
Bayraqdar.info – Azərbaycanın kənd təsərrüfatı naziri İnam Kərimov İsraildə səfərdədir. Nazir orada İsrailin kənd təsərrüfatı və kənd yerlərinin inkişafı naziri Oded Forerlə ikitərəfli görüşüb.
Xəbər bayraqdar.info-ya nioyabrın 17-də Kənd Təsərrüfatı Nazirliyindən verilib.
Görüş zamanı aqrar tədqiqatlar və təhsil sahəsində əməkdaşlığın genişləndirilməsi, kadr hazırlığı, universitetlər arasında tələbə və müəllim mübadiləsi, ticarət dövriyyəsinin artırılması məsələləri müzakirə olunub. Tərəflər Azərbaycan və İsrail şirkətlərinin kənd təsərrüfatı üzrə ixtisaslaşmış sərgilərdə qarşılıqlı iştirakı barədə də fikir mübadiləsi aparıblar. İsrail tərəfi bildirib ki, İsrail şirkətləri “Caspian Agro” Beynəlxalq Kənd Təsərrüfatı Sərgisində iştirakda maraqlıdır.
Daha sonra nazir və onun rəhbərlik etdiyi heyət “Volcani Center” Aqrar Tədqiqatlar Mərkəzində olub. Mərkəzdə keçirilən görüşdə iki ölkənin aqrar tədqiqatlar sahəsində əməkdaşlıq perspektivləri müzakirə edilib, aqrar məlumatlar bazasının formalaşdırılması ətrafında fikir mübadiləsi aparılıb. Nümayəndə heyəti üçün keçirilən təqdimatda Mərkəzin fəaliyyəti, bitkiçilik, heyvandarlıq, bitki mühafizəsi, torpaqşünaslıq sahəsində tədqiqat istiqamətləri barədə geniş məlumat verilib. Görüşdə “Volcani Center” Aqrar Tədqiqatlar Mərkəzi ilə Azərbaycanın müvafiq elmi tədqiqat institutları arasında toxumçuluq sahəsində əməkdaşlığın genişləndirilməsi və kadr mübadiləsi barədə razılaşma əldə olunub.
Heyət üzvləri həmçinin İsrailin müasir suvarma sistemlərinin istehsalı üzrə ixtisaslamış “Netafim” şirkətinin, müasir heyvandarlıq kompleksinin, toxumçuluq müəssisəsinin, südçülük kompleksinin fəaliyyəti ilə tanış olublar.
Nümayəndə heyəti noyabrın 16-da Təl-Əvivdə keçirilmiş İsrail-Azərbaycan Kənd Təsərrüfatı Biznes Forumunda iştirak edib. Forum şərçivəsində Azərbaycan və İsrail şirkətləri arasında kənd təsərrüfatının müxtəlif sahələri üzrə əməkdaşlıq etmək barədə ikitərəfli razılaşmalar əldə olunub.