Press "Enter" to skip to content

Ermənistan özünə qarşı bəyanata “hə” dedi

Kollektiv Təhlükəsizlik Müqaviləsi Təşkilatı

Son yeniləmə: 17 Noyabr 2021 08:36

Bayraqdar.info – Noyabrın 16-da Kollektiv Təhlükəsizlik Müqaviləsi Təşkilatı (KTMT) üzv dövlətlərinin birgə bəyanatı qəbul edilib. Bəyanatın adı olduqca uzun olsa da diqqət yetirməyə dəyər bir sənəddir: “Nasizmin qəhrəmanlaşdırılması, neonasizm və irqçilik, irqi ayrıseçkilik, ksenofobiya və onlarla əlaqəli dözümsüzlüyün başqa təcrübələri ilə mübarizə”.

Bəyanatın qəbul edilməsi Böyük Vətən Müharibəsinin 80 illiyi ilə əlaqələndirilib. Bu məsələ üzərində geniş dayanan bəyanat müəllifləri sözügedən savaşda qəhrəmanlıq göstərənlərin xatirəsinə hörmət ifadə ediblər.

“Bu böyük qəhrəmanlıqla bağlı gerçekləri və xatirələri mühafizə etmək bizim müqəddəs borcumuz və nasizmin yenidən baş qaldarımasına qarşı işlək alətdir”, – deyə bəyanat müəllifləri bildirib.

Daha sonra bu dəhşətli savaşın dərslərini unutdurmaq istəyənlərə qınaq ifadə edilir. Əlavə edilir ki, bu il daha bir əlamətdar tarixi hadisə – Nürnberq Tribunalının hökmünün 75 illiyi qeyd edilir.

Müəlliflər deyir ki, nasist hərəkatının hər hansı formasının, neonasizmin və Waffen-SS təşkilatının keçmiş üzvlərinin qəhrəmanlaşdırılmasını qəbuledilməz sayırıq. O cümlədən də onlara heykəllərin və memorialların qoyulması və nasist keçmişinin şöhrətləndirilməsi üçün ictimai nümayişlərin keçirilməsi qəbuledilməzdir. Adı keçən təşkilatın üzvlərinin, həm də Hitler əleyhdarı olan koalisiyaya qarşı vuruşanların, nasist hərəkatıyla işbirliyi edərək hərbi və insanlıq əleyhinə cinayətlər törədənlərin də qəhrəmanlaşdırılmasını qəbuledilməz sayırıq. Bu məqsədlə onların adlarının küçələrə verilməsi də qınanır.

Bəyanat müəllifləri vurğulayır ki, belə davranışlar BMT Baş Məclisinin müvafiq illik qətnaməsinə də ziddir.

Kifayət qədər maraqlı olan bəyanatda o da vurğulanır ki, son illər ərzində nasistlər və onların işbirlikçilərinin qəhrəmanlaşdırılması halları artmaqdadır…

Maraqlıdır ki, bu bəyanata KTMT-nin üzvü olan Ermənistan da tərəfdar çıxıb. O Ermənistan ki, açıq şəkildə nasizmi və nasistləri qəhrəmanlaşdırır. O Ermənistan ki, Qaregin Njde-nin timsalında Ermənistanda faşist cəlladına heykəl ucaldıb. Ziddiyyətli deyilmi? Belə anlaşılır ki, bu bəyanata imza atmaqla Ermənistan o heykəli artıq götürməli olacaq. Götürməsə öz-özünü təkzib etmiş olacaq. Çünki eyni zamanda nasizmə qarşı bəyanat verib nasistə heykəl qoymaq sadəcə olaraq anlaşılmaz və qəbuledilməz bir davranış sayılacaq.

Bir maraqlı məqam da odur ki, bu bəyanat Ermənistan-Azərbaycan sərhədində hərbi qarşıdurmanın şiddətləndiyi saatlarda razılaşdırılaraq qəbul edilib…

Qeyd edək ki, bəyanatın mətnini Rusiyanın Xarici İşlər Nazirliyi noyabrın 16-da axşamüstü yayıb.

Mission News Theme by Compete Themes.