Press "Enter" to skip to content

Burhanettin Coşkun: Hər zaman ayıq-sayıq olmalıyıq

Bayraqdar.info – “Mən öncə Ermənistanın son hərbi təxribatları zamanı şəhid olanlara Allahdan rəhmət diləyir, onların ailələrinə və Azərbaycan xalqına dərin hüznlə başsağlığı verirəm. Acınız acımızdır. Eyni zamanda, demək istəyirəm ki, bu hadisə bir daha göstərdi ki, düşmən düşməndir və hər zaman ayıq-sayıq olmalıyıq”.

Bunu bayraqdar.info-ya özəl açıqlamasında keçmiş hərbçi, Türkiyənin Osmaniye Korkut Ata Universiteti İqtisadiyyat və idarəetmə fakültəsi siyasət elmi və dövlət idarəetməsi bölümünün dosenti Burhanettin Coşkun deyib.

20 il Türk Silahlı Qüvvələrində xidmət etmiş Burhanettin Coşkun bildirib ki, əslində, Ermənistanın bu addımı heç də təəccüblü deyil: “Ermənistanın bu cür təxribatları birinci dəfə deyil ki, baş verir. Həm də bu sonuncu hal da olmayacaq. Yəni, Ermənistan bundan sonra da ara-sıra bu cür təxribatlara əl atacaq. Bunun da bir neçə səbəbi var”.

Müsahibimiz deyib ki, bunun ilk səbəbi Ermənistanın özündən, daxilindən qaynaqlanır: “Ermənistanın 30 ilə yaxın müddətdə işğal altında saxladığı torpaqları qəhrəman Azərbaycan ordusu 44 gün ərzində azad etdi. Bu da ermənilərə, Ermənistana bütün mənalarda ağır zərbə oldu və onlar bu məğlubiyyətin acısını yaşayırlar. Amma hələ də bu məğlubiyyətin nəticəsi ilə barışmaq istəmirlər. Bunu həzm edə bilmirlər. Buna görə də onlar bu cür təxribatlarla sanki öz acılarını bir az sakitləşdirməyə çalışırlar”.

Hadisələrdə xarici amil məsələsinə gəlincə B.Coşkun deyib: “Bu təxribatların digər məqamı da bölgədə marağı olan xarici güclərlə bağlı ola bilər. İndiki halda Rusiyanın bölgədə gərginliyin artmasında maraqlı olacağı az inandırıcı görünür. Çünki hazırda bölgədə kommunikasiyaların açılması Rusiyanın da marağındadır. Digər tərəfdən ötən il 10 noyabr üçtərəfli Bəyanatının imzalanmasında əsas vasitəçi rolunu oynayan Rusiya istəməzdi ki, onun nüfuzuna beynəlxalq aləmdə ziyan dəysin. Amma bunu bölgədə marağı olan digər bir ölkə, İran haqqında demək mümkün deyil. Çünki İranın Azərbaycanın Vətən müharibəsindəki qələbədən və regionda Türkiyə-Azərbaycan qardaşlığının güclənməsindən rahatsız olduğu bəllidir. Yəni, İran sözdə özünü sülhpərvər göstərsə də, amma bu ölkənin davranışları başqa məqamlardan xəbər verir”.

O da qeyd edilib ki, Azərbaycan ordusu son hadisələr zamanı nəyə qadir olduğunu, torpaqlarının keşiyində ayıq-sayıq dayandığını bir daha ortaya qoydu: “Bu hadisələr zamanı bir daha həm düşmənlər, həm də bütün dünya Azərbaycan ordusunun gücünü gördü. Dünya gördü ki, Azərbaycan əsgəri öz torpağı uğrunda hər an canından keçməyə hazırdır. Düşünürəm ki, Azərbaycan ordusu bundan sonra da Vətənin keşiyində ayıq-sayıq dayanmalıdır. Azərbaycan ordusunun döyüş hazırlığı, müasir silah-sursatla təmini məsələsi bu vaxta qədər olduğu kimi, bundan sonra da diqqət mərkəzində saxlanılmalıdır. Düşünürəm ki, Türkiyə-Azərbaycan qardaşlığı fonunda Azərbaycan ordusunun təlimləri də davamlı xarakter daşımalıdır. Eyni zamanda, Azərbaycan cəmiyyəti də müharibə dövründə olduğu kimi bundan sonra da bir yumruq kimi bir olub, öz ordusunun arxasında dayanmalıdır”.

Mission News Theme by Compete Themes.