Son yeniləmə: 17 Noyabr 2021 14:57
Bayraqdar.info – İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti tərəfindən növbəti hərrac keçirilib. Noyabrın 16-da keçirilən hərracda 34 nəqliyyat vasitəsi özəlləşdirilib. Bu barədə bayraqdar.info-ya noyabrın 17-də İqtisadiyyat Nazirliyindən məlumat verilib.
Bildirilib ki, hərraca çıxarılan nəqliyyat vasitələrinə ümumilikdə 211 sifariş qəbul olunub. Bunun 21-i elektron qaydada həyata keçirilib. Hərraca çıxarılan avtomobillərə edilən təkliflərin çoxluğu prosesi daha da rəqabətli edib.
İlkin start qiyməti 10 000 manat olan “Toyota Land Cruiser” markalı avtomobil üçün təkliflər ard-arda səsləndirilib. Sonda həmin nəqliyyat vasitəsi 27 500 manata özəlləşdirilib.
Hərracı rəqabətli olması ilə seçilən daha bir nəqliyyat vasitəsi “Temsa Prestij Super delux” olub. İlkin start qiyməti 17 000 manata olan həmin avtomobil ən son 35 000 manata sahibini tapıb.Satılmış bütün nəqliyyat vasitələrindən 316 740 manat vəsaitin dövlət büdcəsinə daxil olması nəzərdə tutulur.
Qeyd edilir ki, cari ilin 10 ayında 51 hərrac keçirilib və 205 əmlak özəlləşdirilib. Özəlləşdirilən əmlaklardan 33-ü kiçik dövlət müəssisə və obyekti, 17-si səhmdar cəmiyyəti, 152-si nəqliyyat vasitəsi, 3-ü isə yarımçıq tikilidir.