Press "Enter" to skip to content

Bolqarıstan parlamentində 25 türk millət vəkili

Son yeniləmə: 16 Noyabr 2021 23:36

Bayraqdar.info – Bolqarıstanda bir ildə üçüncü dəfə keçirilən parlament seçkilərində sürpriz nəticə qeydə alınıb. Belə ki, yeni yaradılmış partiya seçkilərdə ən çox səs toplayıb.

Sentyabrda qurulan partiya seçkilərdə qalib gəldi

Xarici mətbuatın məlumatına görə, Bolqarıstan Mərkəzi Seçki Komisiyası noyabrın 14-də keçirilən növbədənkənar parlament seçkilərinin rəsmi nəticələrini açıqlayıb. Həmin nəticələrə əsasən 7 siyasi partiya və alyans tələb olunan 4 faizlik barajı keçərək, 240 yerlik parlamentdə təmsil olunmaq hüquq qazanıb.

Beləliklə, seçicilərin 39,1 faizinin iştirak etdiyi seçkidə prezident Rumen Radevin texnokratlar hökumətindən ayrılan iqtisadiyyat naziri Kiril Petkov və maliyyə naziri Asen Vasilev tərəfindən sentyabrda qurulan Dəyişikliyə Davam Et (PP) Partiyası səslərin 25,7 faizini toplayıb. “Harvard ikilisi” olaraq tanına keçmiş nazirlərin qurduqları bu partiya parlamentdə 67 yer qazanıb və birinci partiya kimi hökuməti qurmaq səlahiyyətinə malik olacaq.

22,8 faiz səs qazanan, sabiq baş nazir Boyko Borisovun rəhbərlik etdiyi Bolqarıstanın Avropa İnkişafı Uğrunda Vətəndaşlar Partiyası (GERB) yeni parlamentdə 59 deputatdan ibarət qrupa sahib olacaq. Xatırladaq ki, iyulun 11-də keçirilən əvvəlki növbədənkənar seçkilərin nəticələrinə əsasən GERB 23,51 faiz səslə 63 deputata sahib idi.

Haqq və Azadlıqlar Hərəkatının uğuru

Seçkilərin daha bir sürprizi isə üzvlərinin əksəriyyətini türk və müsəlmanlar təşkil edən Haqq və Azadlıqlar Hərəkatı (HÖH) ilə bağlıdır. Belə ki, HÖH bu dəfə 12,9 faiz səs qazanaraq millət vəkili sayını 29-dan 33-ə yüksəldib. Bununla da HÖH parlamentdəki millət vəkili sayına görə 5-ci yerdən 3-cü yerə yüksəlib. HÖH bundan əvvəlki seçkidə 10,71 faiz səs toplamışdı.

Onu da qeyd edək ki, yeni parlamentdə türk kökənli millət vəkillərinin sayi 25-dir və onların hamısı HÖH-ün siyahısından seçilib.

Sosialistlərin məğlubiyyəti

Rusiyayönümlü keçmiş Kommunist Partiyasının mirasını öz üzərinə götürən Bolqarıstan Sosialist Partiyası (BSP) isə 10,3 faiz səslə parlamentdə 27 deputata sahib olacaq. Bildirmək yerinə düşər ki, son seçkidə xeyli dəstəyini itirən BSP iyulda keçirilən seçkilərdə 13,9 faiz səslə parlamentdə 36 yer qazanmışdı.

Bundan əvvəlki seçkidə 24,08 faizlə 65 mandat qazanan və parlamentdə ən böyük gücə çevrilməyi bacaran populist şoumen Slavi Trifonovun “Belə bir xalq var” (ITN) Partiyası isə bu dəfə cəmi 9,5 faiz səs qazanaraq parlamentdə 25 mandata sahib olacaq.

Çoxlu səs itirən partiyalardan biri də sağçı Demokratik Bolqarıstan (DB) Partiyasıdır. Bundan əvvəlki seçkidə 12,64 faizlə 34 deputat mandatı əldə etmiş partiya bu dəfə cəmi 6,3 faiz seçici səsi qazanıb. Yeni parlamentdə DB 16 mandata sahib olacaq.

4,9 faiz səs qazanan Rusiyayönümlü və peyvənd əleyhinə olan Dirçəliş Partiyası isə 13 yerlə parlamentdə ən kiçik qrupa sahib olacaq. Partiya əvvəlki növbədənkənar seçkidə 3 faiz qazanaraq tələb olunan barajı keçə bilməmişdi.

Seçkilərdə çoxlu səs itirən DB lideri Xristo İvanov, BSP lideri Korneliya Ninova və seçki baryerini keçə bilməyən irqçi VMRO partiyasının lideri Krasimir Karakacanov uğursuzluqlara görə məsuliyyəti öz üzərinə götürərək vəzifələrindən istefa veriblər.

Yeni hökumətin tərkibi necə olacaq?

Qeyd edək ki, Prezident Rumen Radev növbədənkənar seçkilərin rəsmi nəticələri elan edildikdən dərhal sonra parlamentin iclasını çağıracağını açıqlayıb. Bu arada isə yeni hökumət kolasiyasının necə ola biləcəyinə dair ehtimallar səslənməkdədir.

Ehtimallara əsasən yeni koalisiya dörd partiyanın iştirakı ilə qurula bilər. Məsələ burasındadır ki, Dəyişikliyə Davam Et (PP) Partiyasından BSP ilə koalisiya danışıqlarına başlanacağına dair açıqlama verilib. PP lideri Kiril Petkov, eyni zamanda koalisiya danışıqları zamanı GERB və HÖH partiyaları ilə heç bir dialoq qurmayacaqlarını bildirib.

Bundan öncə o, sağdaki Demokratik Bolqarıstan ilə populist şoumen Slavi Trifonovun “Belə bir xalq var” (ITN) Partiyası ilə də koalisiya danışıqlarının aparıla biləcəyini bildirmişdi.

Mission News Theme by Compete Themes.