Son yeniləmə: 17 Noyabr 2021 13:18
Bayraqdar.info – Noyabrn 16-da Asiya-Avropa Parlamentlərarası Əməkdaşlıq platforması çərçivəsində 11-ci görüş keçirilib. Kamboca Krallığının paytaxtı Pnompen şəhərində onlayn formatda keçirilən görüş “COVİD 19-la mübarizə dövründə sülh və dayanıqlı inkişaf üçün parlamentlərarası əməkdaşlığın gücləndirilməsi” mövzusuna həsr edilib.
Görüşdə Camboca Krallığının Baş naziri Hun Sen, Avropa Parlamentinin Vitse-prezidenti Heidi Hautala, Tailand, Laos, Rumıniya, Banqladeş, Vyetnam parlamentlərinin rəhbərləri, Almaniya, Avstriya, Avstraliya, Belçika, Bruney, Çin, Kipr, Finlandiya, Yunanıstan, Macarıstan, İndoneziya, İrlandiya, İtaliya, Qazaxıstan, Koreya, Malayziya, Norveç, Filippin, Polşa, Portuqaliya, Rusiya, Sinqapur, İsveç, və digər ölkələri təmsil edən parlament üzvləri iştirak ediblər.
Bu barədə bayraqdar.info-ya Milli Məclisin deputatı Ramin Məmmədov məlumat verib. Xatırladaq ki, deputat “İqlim dəyişikliyinin həyatımıza təsiri və nəticələri ” adlı panel müzakirələrində iştirak edib. Millət vəkili Ermənistanın 30 il ərzində apardığı ekoloji terror, Azərbaycanın təbii sərvətlərinin qanunsuz istismarı və bu əməllərin nəticələri haqqında çıxış edib.
Deputat çıxışında 44 günlük Vətən müharibəsində Azərbaycanın şanlı zəfərindən danışıb. Vurğulanıb ki, müharibədən sonra işğal illəri ərzində həyat fəaliyyətinin müxtəlif sahələrində, o cümlədən ekoloji sahədə Ermənistanın Azərbaycana vurduğu ziyanın qiymətləndirilməsi prosesinə başlanılıb: “Azərbaycan artıq bəyan edib ki, beynəlxalq məhkəmələr vasitəsilə həm Ermənistan, həm də ölkəmizin əvvəllər işğal olunmuş ərazilərində qeyri-qanuni biznes qurmuş beynəlxalq şirkətlərin təzminat ödəməsini tələb edəcək”.