Son yeniləmə: 17 Noyabr 2021 00:52
Bayraqdar.info – Batı Trakya türk toplumunu hədəf alan nifrətə əsaslanan hücumlar və nifrət nitqi ATƏT-in 2020 Nifrət Cinayətləri Hesabatında öz əksini tapıb. Bu barədə abttf.org saytı məlumat yayıb.
Məlumatda deyilir ki, Avropada Təhlükəsizlik və Əməkdaşlıq Təşkilatının (ATƏT) Demokratik Təsisatlar və İnsan Haqları Bürosu (DTİHB) 2020-ci il üçün Nifrət Cinayətləri Hesabatını açıqlayıb: “ATƏT regionunda nifrət cinayəti hadisələri və bunlarla bağlı statistik məlumatların əks olunduğu hesabatın Yunanıstana aid bölməsində Batı Trakyada türk toplumunu hədəf alan nifrətə əsaslanan hücumlar və nifrət nitqi yer alır. Bu hesabat Avropa Batı Trakya Türk Federasiyası (ABTTF) tərəfindən bildirilən məlumat əsasında hazırlanıb”.
Bildirilib ki, “ATƏT-in 42 iştirakçı dövlətinin rəsmi məlumat təqdim etdiyi 2020-ci il Nifrət Cinayətləri Hesabatında 136 qeyri-hökumət təşkilatı, Birləşmiş Millətlər Təşkilatının Qaçqınlar üzrə Ali Komissarlığı (UNHCR) və ATƏT missiyaları tərəfindən təqdim edilən 46 iştirakçı dövlətdəki nifrət hadisələri haqqında məlumatlar öz əksinin tapıb.
Hesabatda, 12 may 2020-ci il tarixində Gümülcine şəhərinin Yaniköy kəndində Qərbi Trakya Türk icmasından bir xeyriyyəçi tərəfindən inşa edilən fəvvarəyə naməlum şəxs və ya şəxslər tərəfindən edilən hücumdan bəhs olunur. Həmin hücum zamanı xeyriyyəçinin adı və fəvvarənin tikilmə tarixi yazılmış mərmər lövhənin sındırıldığı, fəvvarənin divarına sprey boya ilə türklərə qarşı təhqiramiz ifadələrin yazıldığı qeyd edilib.
Həmçinin, Batı Trakyadakı İskeçe vilayətinin Bulustra bələdiyyəsinin Hemitli kəndindəki tarixi məscidin minarəsinin 16 iyul 2020-ci ildə naməlum şəxs və ya şəxslər tərəfindən dağıdıldığı da qeyd edilib.
27 noyabr 2020-ci ildə Batı Trakya türkləri tərəfindən seçilmiş İskeçe Müftisi Ahmet Metenin İskeçedə yaşadığı mənzildəki liftin güzgüsünə naməlum şəxslərin “Yaxşı türk ölü türkdür” yazdığı da hesabatda öz əksinin tapıb.