Son yeniləmə: 16 Noyabr 2021 17:13
Bayraqdar.info – Noyabrın 15-də Qobustan Milli Tarix-Bədii Qoruğunda “Yurdda bayram” adlı tərəkəmə festivalı keçirilib. Mədəniyyət Nazirliyi və Qobustan Milli Tarix-Bədii Qoruğunun təşkilatçılığı ilə gerçəkləşən festivalın məqsədi tərəkəmələrin zəngin elat mədəniyyətini təbliğ etmək, ictimaiyyəti onların həyat tərzi ilə bağlı məlumatlandırmaqdır.
Bayraqdar.info Mədəniyyət Nazirliyinə istinadla bildirir ki, tədbirdə mədəniyyət naziri Anar Kərimov, Dövlət Turizm Agentliyinin sədri Fuad Nağıyev, Hesablama Palatasının sədri Vüqar Gülməmmədov, Qaradağ Rayon İcra Hakimiyyətinin başçısı Süleyman Mikayılov, Qazaxıstan və Hindistanın Azərbaycandakı səfirləri Serjan Abdıkarimov və Bavitlunq Vanlalvavna və digər rəsmi şəxslər, Vətən müharibəsi qaziləri, ictimaiyyət nümayəndələri iştirak edirdilər.
Festival gənc aktyorlar tərəfindən “Yurd” adlı musiqili kompozisiyanın nümayişi ilə başlanıb.
“Nazir A.Kərimov bildirib ki, hər bir ölkənin gələcəyi üç əsas amildən asılıdır: “Birincisi gücdür ki, 44 günlük Vətən müharibəsində güc sayəsində torpaqları işğaldan azad etdik. Biz bir daha göstərdik ki, Azərbaycan xalqı heç vaxt torpaqlarının işğal altında qalması ilə barışmayacaq. İkinci amil fəlsəfədir, elmdir. Bildiyiniz kimi, ölkə başçısının müvafiq sərəncamı ilə bu il Azərbaycanda “Nizami Gəncəvi İli” elan edilib. Bu sərəncam bir daha göstərir ki, Azərbaycan öz mütəfəkkir və şairlərinə böyük önəm verir. Üçüncü amil mədəniyyətdir. Bu günkü tədbir məhz onun göstəricisidir. Biz belə tədbirləri tək Qobustanda yox, Qarabağda da keçirəcəyik.”
Əməkdar artistlər İlkin Əhmədov, Nigar Şabanova, həmçinin Aşıq Əli, müğənnilər Amil Həsənoğlu, Vüsal Hacıyev və digərləri vətənpərvər ruhlu ifaları ilə festival iştirakçılarına xoş anlar yaşatdılar. “Cəngi” sədaları altında kəndirbazlar və pəhləvanlar öz məharətlərini göstərdilər.
“Yurdda bayram”da həmçinin xalçaçılıq, zərgərlik məhsulları, tərəkəmələrin məişətini, təsərrüfatını əks etdirən nümunələr və milli geyimlərdən ibarət sərgi də təşkil olunmuşdu. Eyni zamanda xeyriyyə məqsədilə Daun sindromlu uşaqların əl işlərindən ibarət satış-sərgi də keçirildi.
“Tərəkəmələrin maldarlıq təsərrüfatına aid heyvanlardan ibarət təmaslı mini zooparkla tanışlıq və uşaqlar üçün təşkil olunmuş “Oxatma meydançası” festival iştirakçıları tərəfindən maraqla qarşılanıb.
“Sonda qonaqlar festival meydanında qurulmuş çadırlarda tərəkəmə süfrəsinin yeməklərindən dadıblar.
“Qeyd edək ki, əsas məşğuliyyətləri heyvandarlıq olan tərəkəmə tayfaları yazın axırları, yayın əvvəllərində yaylaqlara, payızda isə arana – qışlaqlara köçürlər. Qoruq ərazisində və ondan kənarda yerləşən qədim qışlaqlar təxminən 5 min illik yaylaq-qışlaq maldarlarının həyat tərzini əks etdirir. Qobustanda aparılan tədqiqatlar da onu göstərir ki, Tunc dövründən etibarən Qobustanda qayaüstü təsvirlər məhz belə qışlaqlarda yaşayan elatlar tərəfindən yaradılıb.” Məlumatda belə deyilir.