Son yeniləmə: 16 Noyabr 2021 12:17
Bayraqdar.info – Mədəniyyət Nazirliyi, AMEA, Gəncə Şəhər İcra Hakimiyyəti, Nizami Gəncəvi Beynəlxalq Mərkəzi və Azərbaycan Yazıçılar Birliyinin təşkilatçılığı ilə böyük şairin 880 illik yubileyinə həsr olunmuş tədbirlərdən ibarət Nizami Gəncəvi Beynəlxalq Festivalı keçirilir.
Noyabrın 15-də Beynəlxalq Muğam Mərkəzində festivalın Bakı şəhərində ilk tədbiri – vokal musiqisi axşamı təşkil olunub.
Bayraqdar.info xəbər verir ki, məlumatı noyabrın 16-da Mədəniyyət Nazirliyi yayıb.
Konsertdən öncə mədəniyyət naziri Anar Kərimov qonaqları salamlayıb. Nazir Nizaminin yaradıcılığının Azərbaycanın və Yaxın Şərqin mədəniyyət və incəsənətinin müxtəlif sahələrinə təsirindən söz açıb.
“A.Kərimov N.Gəncəvi Beynəlxalq Festivalı haqqında da məlumat verərək bildirib ki, festival çərçivəsində 15-26 noyabr tarixlərində Bakı və Gəncə şəhərlərində bir sıra tədbirlər – elmi konfranslar, teatr tamaşaları, konsertlər, kitab və rəsm sərgiləri keçiriləcək.
“Daha sonra konsert proqramı təqdim edilib. Proqramda Üzeyir Hacıbəyli, Qara Qarayev, Əfrasiyab Bədəlbəyli, Cahangir Cahangirov, Ədilə Hüseynzadə, Ağabacı Rzayeva, Süleyman Ələsgərov, müasir bəstəkarlar Dilşad Əliyeva, Pikə Axundova, Ceyhun Allahverdiyev və Gülnaz Abdullazadənin Nizaminin sözlərinə bəstələdikləri əsərlər səsləndirilib. Xalq artistləri Gülnaz İsmayılova, Samir Cəfərov, Əməkdar artistlər Fəridə Məmmədova, İlham Nəzərovu konsertmeysterlər Svetlana Əhmədova, Dilşad Əliyeva və Ülviyyə Kazımova müşayiət edib.
“Gecədə Əməkdar müəllim Təranə Yusifovanın rəhbərliyi ilə Azərbaycan Milli Konservatoriyası Tələbə xorunun çıxışı da maraqla qarşılanıb”, – deyə məlumatda qeyd edilir.