Bayraqdar.info – Peşə təhsilində innovativ yanaşmaların təşviqi və tətbiqi üzrə fəaliyyətlərini davam etdirilir. Daha doğrusu Avropa İttifaqı (Aİ), Birləşmiş Millətlər Təşkilatının İnkişaf Proqramı (BMTİP) və Peşə Təhsili üzrə Dövlət Agentliyi (PTDA) bu istiqamətdə davamlı addımlar atır.
Bu barədə bayraqdar.info-ya BMTİP-in Azərbaycan ofisindən məlumat verilib.
Bildirilib ki, Aİ-nin maliyyələşdirdiyi “Gələcək üçün Peşə Təhsili” layihəsi çərçivəsində 4 həftəlik təlim kursu həyata keçirilir. Kurs ölkədə ilk dəfə olaraq “MOODLE” təhsil platformasından istifadə edərək rəqəmsal öyrənmə və qiymətləndirmə resurslarının hazırlanması istiqamətində reallaşdırılır.
Vurğulanıb ki, təlim kursu sahə üzrə mütəxəssis Dr. MariaToro-Troconis tərəfindən tədris edilir. Kurs izahedici vebinarlar və sərbəst öyrənmə imkanları təmin edilərək aparılır.
Proqramda Bakı, Gəncə, Şəki, Cəlilabad, Lənkəran, İsmayıllı, Mingəçevir və Qəbələdə yerləşən 12 peşə təhsil müəssisəsindən seçilmiş aparıcı mütəxəssislər iştirak edir: “Kurs müddətində iştirakçılar innovativ tədris strategiyaları, metodları və təlim bacarıqlarının təşkili, eləcə də seçilmiş peşə və mövzuya uyğun rəqəmsal dərs planı və qiymətləndirmə planının qurulması mövzuları üzrə bilik və bacarıqlarını artırırlar. Proqramın sonunda kursu müvəffəqiyyətlə başa vuran iştirakçılar sertifikatla təltif ediləcək”.
Kursun məqsədi peşə təhsilində rəqəmsallaşmanın tətbiqinə dəstək olmaq və bu sahədə yeni resursların yaradılmasına birbaşa töhfə verməkdir.