Press "Enter" to skip to content

Emin Həsənli: Ermənistan bir daha terrorçu mahiyyətini ortaya qoydu

Emin Həsənli

Son yeniləmə: 16 Noyabr 2021 09:54

Bayraqdar.info – Bəlli olduğu kimi son günlər Ermənistan-Azərbaycan sərhəddində vəziyyət yenidən gərginləşib. Buna da səbəb işğalçı qonşularımızdır. Belə ki, ötən həftə, noyabrın 9-da Ermənistan silahlı qüvvələrinin 60-a yaxın şəxsi heyətinin Laçın rayonunun Qaragöl istiqamətində Azərbaycan Ordusunun mövqelərinə aparan yol üzərində cəmləşməsi, noyabrın 13-də Ermənistan silahlı qüvvələrinin Kəlbəcər rayonundakı Azərbaycan Ordusunun mövqelərini atəşə tutması, habelə 14 noyabrda Ermənistan silahlı qüvvələrinin iki dövlətin sərhədinin Laçın rayonunu istiqamətində cəmlənərək növbəti təxribata hazırlıq cəhdi Ermənistanın regionda sabitliyə yenidən təhlükə törətmək niyyətindən xəbər verir.

Öz növbəsində son hadisələri dəyərləndirən “Tərxis Olunmuş Hərbçilərin Gəncləri Maarifləndirmə” İctimai Birliyinin sədri Emin Həsənli öncə Norayr Mirzoyan adlı erməni terrorçusunun noyabrın 13-də Laçın-Şuşa yolunda Azərbaycan hərbçilərinə qumbara ilə hücum etməsi faktına toxunub.

Bayraqdar.info-ya özəl açıqlamasında Emin Həsənli deyib ki, bu sıradan bir terror deyil: “Bu terroru təşkil edənlər layiqli şəkildə öz cavabını almalıdır. Özü də bu cinayətkar Norayr Mirzoyan Azərbaycan hüquq-mühafizə orqanlarına təhvil verilməlidir. Çünki bu Azərbaycan ərazisində Azərbaycan hərbçisinə qarşı törədilən bir terror hadisəsidir”.

Müsahibimiz hesab edir ki, bununla Ermənistan bir daha terrorçu mahiyyətini ortaya qoydu: “Əgər Ermənistan ona uzanan sülhpərvər ələ bu cür cavab verirsə, deməli bu ölkə hələ də öz terrorçu mahiyyətindən əl çəkə bilmir. Belə olan halda isə “Dəmir yumruq” yenidən onların başına dəyəcək. Çünki həmin terror hadisəsindən əvvəl və sonra baş verən təxribatlar da Ermənistanın hələ tam ağıllanmadığına işarə edir. Elə bir müddət əvvəl Ermənistan müdafiə nazirinin Qarabağa qeyri-qanuni səfər etməsi də bu təxribatın bir həlqəsi idi. Düzdür artıq Nikol Paşınyan həmin adamı müdafiə naziri postundan uzaqlaşdırdı. Amma burda diqqət ediləsi digər bir vacib məqam da var. Bu da Rusiya sülhməramlılarının davranışıdr. Onlar buna niyə imkan verirlər? Niyə öz üzərlərinə düşən missiyanı doğru-düzgün şəkildə yerinə yetirmirlər?”

Qeyd edilib ki, ümumiyyətlə son təxribatlar 2020-ci il 10 noyabr üçtərəfli Bəyanatının ruhuna ziddir: “Bu təxribatlara görə məsuliyyəti Ermənistanla yanaşı Rusiya da daşıyır. O mənada ki, əgər Rusiya sülhməramlıları vaxtında orada atəşkəsi pozan təxribatçıları “içkili”, “sərxoş” adlandırmaq əvəzinə, onlara lazımi cəza versəydi, bu təxribatlar davam etməzdi”.

E.Həsənlinin sözlərinə görə, bu təxribatların törədilməsinin İstanbulda keçirilən Zirvə görüşü ərəfəsinə və ondan dərhal sonraya təsadüf etməsi cəmiyyətimizdə bəzi ehtimalların səslənməsinə də səbəb olub: “Ehtimal edilir ki, Ermənistan və onun xarici havadarları bu cür təxribatlara əl ataraq prosesə hansısa şəkildə etirazlarını bildirmək istəyirlər. Ancaq Azərbaycanın və ölkəmizin müttəfiqi olan qardaş Türkiyənin regionda və dünyada nüfuzu hər keçən gün daha da artır. Ermənistan bunu unutmamalıdır. Yoxsa bu dəfəki “Dəmir yumruq” onlar üçün ölümcül olacaq və Ermənistanın bir dövlət kimi mövcudluğu sual altında qalacaq”

Mission News Theme by Compete Themes.